Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Səmada duman var. Buludlar Günəşin qarşısını kəsmək üçün bir-biri ilə yarışır sanki. Küləklərin belə dili söz tutmur. Bu gün eşidilən səsin ahəngi də bir başqadır. Qara-qara bulud topaları təlaşdan rəngi avazımış səmalarda bəyaz saçlı, siyah örpəkli anaları xatırladır.
Bu nə böyük dəhşətdir ilahi? Yeri, göyü, asimanı dilə gətirib sonra isə qorxu sükutuna qərq edən bir qovğa. Günəşi belə qəhərə boğub qızıl saçlarını ağardan. İnsanlığın haqq-ədalət üsyanı, etirazından yaranan həm kədərli, həm də qürur dolu bir gün və ya vətənpərvər bir rəssamın boya fırçasından süzülən izlər. Bu iz azadlığa aparan yolun xəritəsidir bəlkə də. Neçə-neçə bəlkələr, ehtimallar yazılır beyinlərdə? Neçə gözlər yol çəkir, bilinməzliyə körpü salaraq xəyal yolçusu olur, kim bilir? Neçə ana ağ südüm, əməyim, göz nurum deyib boyuna qurban kəsərək toy-düyünlə əsgər etdiyi balası üçün dil deyib fəryadla dua edir. Allaha gündə milyon dəfə “mənim canımı al, amma balamın gün işığında isti nəfəsinin hərarətini mənə duyur” deyə yalvarır. Belimin sütunu, evimin dirəyi, ümidim, gələcəyim deyib ürəyində dua edən ataların qüssəsi duyulurmu görəsən göyün 7-ci qatında? Bir ürək, bir beyin, bir niyyətə qərq olan milyonların duaları yol taparaq açırmı düyünləri, keçərək əngəlləri? Suallar... bir az az, bir az çox, bir az kədər, bir az sevinc, dərd daşıyan, həsrət donlu, qürur yüklü. İnamımızın mayakı olan qürurumuzdur. O qürurun isə yeganə adı əsgər. İgid, mərd, cəsur, qorxmaz, kövrək simasına belə bir dəyanət qatan əsgər. Əslində hər an xatırlamalı olduğumuz. Amma çox heyf, adi məişət qayğılarına təslim olub yaddaşımızın görünməyən guşəsinə tərk etdiyimiz o böyük ad. Bütün rütbələrin təməli. Sən olmasan həyat olmaz, azadlıq adına belə ilk imza sənindir. Vətən torpağının ən çox sevdiyi ayaq izi, duyduğu ən gözəl ətir qışın soyuğunda vətən qarına bürünüb, vətən daşına baş qoyan, səngəri belə nəfəsi ilə isidən, əli soyuq silaha sarılsa da məktublarını və dəftərini sinəsi üstündə gəzdirən vətən oğlu. Sən isti ocaqlarında həyata yenicə nəzər salan körpələrə nümunəsən, milyonların nəvazişlə söylədiyi adın yiyəsi.
Sənə məktub yazmaq gəldi ürəyimdən. Nə deyim, necə başlayım deyə çox düşündüm. Ən sonunda özüm keçirdiyim hisslərimi kağıza tökmək istədim. Sənə necəsən deyə sual verməyəcəm. Çünki qürurlu və mübariz olduğun dünyaya bəllidir. Sadəcə sənə “Allahın pənahında ol” deyəcəm. Ona görə ki, tutduğun yol haqq, diləyin azadlıqdır. Bu gün sənin arxanda böyük bir millət dayanır. Amma bu millətin ən böyük dayağı sənsən. Burda xəyalında səninlə söhbət edən insanların sayı-hesabı yoxdur. Sənin isə ən böyük sirdaşın başına ağ dumandan kəlağayı örtmüş, abır-ismət yiyəsi olan sərt qayalardır. Ah, bir də gecələr səmalardan kirpik çalan ulduzların dili olsa, səni anlatsa bizlərə...
Bilirəm, sən odda-alovda belə sevdiklərindən narahatsan. Amma sənin nigaranlığını bir ev yox, xalq çəkir. Əllərinin qabarı bir millətin dərdi olur. Çünki sən bu torpağı öz qanınla Vətən etmisən. Ona görə sənin ən böyük duaçın çəmən-çiçəkdir. Hə, əsgər qardaşım, sən bizdən nigaran qalma. Bizim yeganə amalımız burda sənin üçün dua edib öz sahəmizdə vətənə xidmət etməkdir. Bizdən küskün də olma, səni hərdən laqeyidlik edib unuduruq da sanma. Ya da bizi bağışla. Əmin ol ki, qəlbimiz səninlədir. Bir də qərib diyarlara bizdən salam söylə. De ki, onlar da bizi bağışlasın və sevgisiz zənn etməsin. Onların yanında üzümüz çox qaradır. Çünki biz burda gündəlik qayğılara qapılanda onlar bizi diləyir.
Hə, əsgər qardaşım, sözümün sonunda səndən bir təvəqqəm var. Özün üçün tutduğun əsgər dəftərindən də muğayət ol. Axı bizim o sətirləri eşitməyə çox ehtiyacımız var. Qələbə sorağı diləyilə...
Rəfiqə NƏSİROVA
Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı
Oxunub: 1035
Əlavə olunub: 19.07.2020 04:49