Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“İstedad sərhədsizdir” adlı sərgi-satış (VİDEO)

“Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunları çərçivəsində ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial və ictimai həyata inteqrasiya olunması üçün dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən də bu istiqamətdə bir sıra addımlar atılır və tədbirlər həyata keçirilir.
Beləliklə, 6 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərmək məqsədilə “İstedad sərhədsizdir” adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış keçirilmişdir.
Milli Xalça muzeyinin direktoru Şirin Məlikova və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəylinin salamlama nitqiylə başlayan sərgi-satışda hökumət və dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, diplomatik korpus nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimlini, “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva, “Qadın Əlillər” Cəmiyyətinin sədri Məhluqə Rəhimova, Usaq inkişaf mərkəzinin rəhbəri Aynur Musayeva, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova “Sara Xatun” Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Mustafayeva qeyd etdilər ki, bu gün ölkədə fiziki məhdudiyyətli insanların ayrı seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.
Tədbirdə vurğulandı ki, ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməkliyi ilə əlillər üçün xüsusi mərkəzlər tikilir, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir və bir çox xeyirxah işlər görülür. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir. Bundan əlavə, ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir, hər ilin 3 dekabr tarixi Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
Mərkəz tərəfindən bildirildi ki, həmin insanların sahəmizdəki fəaliyyətinin heç bir məhdudiyyəti yoxdur, hamımız eyni və bərabərik. Ona görə də bu istiqamətdə xüsusi qayğıya ehtiyacı olan insanlarla birgə yeni layihələr hazırlanacaq və bu səpkidə tədbirlər davam etdiriləcəkdir. Bundan başqa, tədbir zamanı sosial videoçarxlar nümayiş olundu.
Tədbirin bədii hissəsində isə sənətkarlar tərəfindən müxtəlif ustad-dərsləri, həmçinin xüsusi məktəb və internat şagirdlərinin çıxışlarından ibarət konsert proqramı təşkil edilmişdir.
Satış-sərginin ikinci günündə iştirak edən fiziki məhdudlu qonaqlar Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiya hissəsi ilə və xüsusi olaraq yaradılan, muzey təcrübəsində tətbiq olunan, görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş, muzeyin inklüziv layihəsi ilə tanış oldular.
Bu gün sərginin son günüdür və bu sərgi-satışda fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. təqdim olunur.
 

Oxunub: 394

Əlavə olunub: 08.12.2022 11:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz