Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Kitabxana etikası

Cəmiyyət mədəniyyətin və təhsilin birinci dərəcəli əhəmiyyət kəsb etdiyini, etik əxlaqi normaların vacibliyini qəbul etmirsə o heç vaxt yüksək mədəniyyətli və demokratik ola bilməz. Müasir dövrdə kitabxanalar mədəniyyətin ayrılmaz tərkib hissəsi olmaqla lap qədim zamanlardan bu günki dövrümüzə qədər sosial həyatın mühüm tərkib hissəsi olub, cəmiyyətin intelektual həyatına təsir göstərir. Kitabxana elmini araşdırarkən müasir dövrdə kitabxana etikası və kitabxanaçı-oxucu münasibəti ön plana çəkilməlidir. Hər bir peşə öz-özlüyündə xüsusi peşəkarlıq, yüksək səviyyəli hazırlıq tələb edir. Xalq, millət üçün, cəmiyyət üçün müqəddəs olan bir yerdə əmək fəaliyyəti  göstərmək üçün müstəsna professionallıq gərəkdir. Kitabxanaçı xalqa, millətə, cəmiyyətə xidmət göstərdiyi üçün onun peşə hazırlığı, geniş dünyagörüşü, yüksək səviyyəli pedaqoji və psixoloji hazırlığının olması əsas şərtdir.

            Kitabxana etikası və müasir dövrdə kitabxanaçı-oxucu münasibətləri mövzusuna keçməzdən öncə bir qədər etika haqqında məlumat verək.

            İctimai elmlər sistemində mühüm yer tutan etika insan idrakının ən qədim sahələrindən olan əxlaq haqqında elmdir. 

            Bir sözlə “Etika” əxlaqa və əxlaqi dəyərlərə aid hər nə varsa, hamısını oyrənir. Aristotel “Nikomax etikası”nda (3, I kitab, I fəsil) yazır ki, “Etika”nın əsas məqsədi bilik yox əməldir. Doğrudanda belədir etikadan danışanda  yalnız insanların davranışları, bir sözlə əməlləri göz önünə gəlir.

             “Etika” yunanca “ethos” (tələffüzdə etos kimi də işlətmək olar) sözündən olub, etimoloji mənası adət, ənənə, xarakter, vərdiş, davranış,temperament deməkdir.

 Fəlsəfi təlimlər tarixinin inkişafı göstərir ki, əxlaq təlimi etika-fəlsəfə ilə birgə inkişaf etmişdir. Məsələn, qədim Çin filosofu Konfitsi özünün fəlsəfi görüşlərində etik nəzəriyyəni daha da əsaslandırmaq istəmişdir. Konfutsi etikasının əsas mahiyyətini Jen yəni hümanizm təşkil etmişdir. Konfutsinin fikrincə humanizm elə mənəvi prinsipdir ki, cəmiyyətdə və ailədə insanlar arasındakı münasibəti müəyyənləşdirir, cəmiyyətdə qarşılıqlı hörmətə şərait yaradır. Konfutsi tələb edirdi ki, hər bir şəxs tutduğu mövqedən asılı olaraq özünü elə aparmalıdır ki, onun vəzifəsi və hərəkətləri arasında heç bir ziddiyət baş verməsin.

            Demokritə görə yaxşı adam o şəxs deyil ki, yalnız pislik etməsin, o adam heç pislik barədə düşünməsin də. Nəticə olaraq onu deyək ki, Demokritə görə düzgün davranış yaxşı düşünməkdən, yaxşı danışmaqdan və yaxşı fəaliyyət göstərməkdən ibarətdir. Qeyd olunan bu 3 cəhət isə müəllimlər və kitabxanaçılar üçün gündəlik fəaliyətində insanlarla ünsiyyətdə olan, insan mənəviyyatına xidmət  edən peşə sahibləri üçün daha çox vacibdir. Çünki, yalnız bu halda  yəni insanlarla ünsiyyət prosesində aşkar görünən həmin keyfiyyətlər ictimai əhəmiyyət kəsb edir.

            Bu baxımdan görkəmli alman filosofu İmmanuel Kantın da etika barədə xüsusi müddəaları var. Onun etika ilə bağlı üç müddəası kitabxana xidməti etikası baxımından  olduqca aktual səslənir. Belə ki, bu gün mütəxəssislərə yönəldilmiş etik qaydaların hazırlanmasında həmin tələblər əsas götürülə bilər: a) xeyirxahlıq, b) qanunlara əməl etməyə meyillilik və elə hərəkət etmək ki, fəaliyyətdə universallıq olmaqla bərabər, heç bir ziyanlı nəticəyə imkan verməmək, s) insanlara bilik vermək vəzifəsinin daşımaq. İ. Kantın etika ilə əlaqədar irəli sürdüyü üçüncü müddəa sözün həqiqi mənasında sanki kitabxanaçılıq peşəsinin tələblərini, kitabxana xidmətinin məzmununu nəzərdə tutaraq söyləmişdir.

             Kitabxanaçıların fəaliyyətinin tarixi təcrübəsini araşdırarkən məlum olur ki, oxuculara xidmət etikası kitabxanaçıların həmişə ciddi əhəmiyyət verdiyi bir məsələ olmuşdur. Bu gün kitabxanaçısının qarşısında oxuculara xidmət etikasının mühüm tələblərinə əməl etmək kimi bir vəzifə durur. Oxucunun mənəvi təlabatının tam  dolğun, rahat və etik normalar çərçivəsində ödənilməsi kitabxanaçının böyük məharəti, pedaqoji ustalığı kimi qiymətləndirilməlidir.  Məhz bu cəhətdən öz fəaliyyətində etik normalara ciddi əməl edən kitabxanaçı əməyi yüksək hörmətə və qiymətə layiq görülür.

         Kitabxanaçı əməyinin intellektual məzmunu, xeyirxahlıq xarakteri A.Xələfovun fikirlərində də öz əksini tapmışdır. O, yazır: “Kitabxanaçı elə əsaslı keyfiyyətə malik olmalıdır ki, kitabxananın başqa elementləri ilə mürəkkəb, qarşılıqlı köməyi sayəsində oxucu ilə dinamik canlı əlaqələr yaratsın, kitabxananın fasiləsiz fəaliyyət göstərməsini təmin etsin...”

         Kitabxanaların canlı orqanizm kimi qiymətləndirildiyi müasir zəmanəmizdə doğrudan da kitabxanaçı cəmiyyətdə tutduğu mövqe, həyata keçirdiyi vəzifələr, insanlara göstərdiyi xeyirxahlıq baxımından kitabxananın döyünən ürəyidir. Bu ürək nə qədər  sağlam, möhkəm olsa, ahəngdar işləsə, orqanizm o qədər müvəffəqiyətlə fəaliyyət göstərər, kitabxana işinin məzmununda böyük uğurlar baş verər. Xeyirxahlıq kitabxana etikasının mühüm göstəricisi hesab edilir. Proffesional etik qaydalar əmək fəaliyyəti prossesində insan münasibətlərini tənzimləmək üçün nəzərdə  tutulmuşdur. İşgüzar etika hər bir kitabxanaçının hazırlığının ayrılmaz tərkib hissəsi olub insanların işgüzar ünsiyyətdə qarşılıqlı münasibətlərinin tənzimlənməsi prosesidir. Əlbəttə, bu hazırlıq onun şəxsi səyi nəticəsində baş verməlidir. Kitabxanaçı özünü daim inkişaf etdirməli və lazimi səviyyəyə çatdırmalıdır. Ingilis yazıçısı XIX əsrin mütəfəkkiri C.Lebbok bu barədə çox düzgün olaraq demişdir.. “Həyatda uğur qazanmaq üçün insanlarla düzgün ünsiyyət qurmaq bacarığı istedadın olmasından daha vacibdir.” İşgüzar etikada əsas yeri müvafiq rəftar qaydası, zahiri görnüş, nitq, jestlər və mimikalar, səs tonu, məqsədəuyğun geyim tərzi tutur.

           Göstərilir ki, kitab verilişi zamanı kitabxanaçı özünü bütünlüklə oxucunun sərəncamına vermiş olur. Kitabxanaçı nəvazişkar, səmimi və maraqlı həmsöhbətdir. Bu cür kitabxanaçıya oxucu qaraqabaq, qapalı, yorğun görkəmli və əsəbi kitabxanaçılara nisbətən daha çox müraciət edir.

            Kitabxanaçı təfəkkür keyfiyyətinə malik olmalı, hadisələri, faktları tənqidi baxımdan təhlil etmək qabiliyyətinə, geniş həcmli məlumatdan vacib olanı seçmək, problemin mahiyyətini tutmaq, ziddiyyətli informasiyadan nəticə çıxarmaq, operativ fəaliyyət göstərmək bacarığına malik olmalıdır.

            Kitabxanaçıya özünün iradi keyfiyyətini: təlimat əsasında işləmək, göstərişləri yerinə yetirmək bacarığını sərbəst inkişaf etdirmək vacibdir.  Kitabxanaçı üçün ünsiyyət yarada bilmək  keyfiyyəti də çox vacibdir. Belə ki, işgüzar söhbət edə bilmək, öz fikrini həmsöhbətinə aydın izah etmək, oxucunun fərdi xüsusiyyətlərindən asılı olaraq söhbətin məqsədyönlü formasını, lazimi tonunu seçmək və s.

            Peşənin emosional səviyyəsi də vacibdir: təmkinlilik, güzəştə getmək, xeyirxahlıq kitabxanaçılıq peşəsindəki cazibədar cəhətləri üzə çıxarmaq və s. kitabxanaçıya öz fikrini dəqiq, ifadəli çatdırmaq, oxucunu maraqlandıran mövzuda söhbət apara bilmək, öz nöqteyi-nəzərini əsaslandırmaq bacarığı çox vacibdir.

            Bir sıra mütəxəssislər qeyd edirlər ki, oxucuların kütləvi kitabxanalara müraciətlərinin azalmasının səbəbini kitabxanaçı-oxucu münasibətlərindəki etik normalara riayət edilməməkdə axtarmaq lazımdır. Ona görə də müasir cəmiyyətdə kitabxanaların rolunun qiymətləndirilməsinə kitabxanaçılar və oxucular arasındakı etik münasibətlər prizmasından yanaşmaq lazımdır. Biz cəmiyyətimizdə kitabxanaların müasir, uğurlu, oxucu ilə bol olmasını arzulayırıqsa kitabxanaların sahibi olan kitabxanaçılar özlərindən başlamalıdırlar. Ümumi mədəniyyət, işin mənasını anlamaq, erudisiya, diqqət, işə yaradıcı və məsuliyyətli yanaşma, insanlarla ünsiyyət saxlamaq bacarığı, yeni biliklər qazanmaq istəyi kitabxanaçının peşəkarklığının tərkib hissəsidir. Fikrimcə, müasir dövrün kitabxanaçısı kitabxananın fəaliyyətində aktual istiqamətləri müstəqil surətdə öyrənməyi, yeni layihə barədə təşəbbüs irəli sürməyi və onu reallaşdırmağı, öz iş yerində qarşılaşdığı məsələlərin həllinə yaradıcılıqla yanaşmağı, həmkarları ilə yaxşı təcrübəni bölüşməyi bacarmalıdır.

            Etika nöqteyi-nəzərindən kitabxanaçılarda mövcud olan imtiyazlı xidmət hallarına göz yummaq olmaz. Kitabxana xidməti kitabxanaya gələnlərin sosial vəziyyətindən, iş yerindən, tutduğu vəzifədən, yaşından, xarici görnüşündən asılı olmalıdır. Əgər  kitabxanaçı kitabxananın daimi oxucusuna ilk dəfə gələn oxucuya nisbətən daha dəqiq yanaşırsa, yaxud yaşlı oxucuya nisbətən uşaq oxucuya diqqətsizlik edirsə o, kitabxanaçılıq peşəsinin əxlaq kodeksini ciddi pozmuş olur.

            Kitabxanalarda imtiyazlı oxuculara xidmət zamanı etik problemlər baş verir. Bu hal kütləvi kitabxanalarda o qədər də aşkar olunmasa da, xüsusi elmi kitabxanalarda tez-tez rast gəlinir. Belə ki, müəssisə direktorunun sorğusu siravi mühəndis sorğusu qarşısında üstünlük təşkil edir. Universitet kitabxanasında professorun sorğusu kitabxanaçıya aspirant və yaxud tələbə sorğusundan vacib sayılır. Bütün bu hallar kitabxana işinin etik normalarının pozulması hesab olunur.

            Kitabxanalarda müəyyən oxucu kateqoriyalarına xüsusi diqqət yetirmək tələb olunur. Bunlar: əllilər və emiqrantlardır. Bu sahədə əllilər xüsusi diqqət tələb edir ki, kitabxanaçı sifariş verilmiş ədəbiyyatı seçməli və onu əlil oxucunun məşğul olduğu stola aparmalı olur. Bütün bu işlər kitabxanaçılar tərəfindən böyük nəzakətlə icra edilməlidir.

             Oxuculara xidmət üzrə işin effektivliyi çox halda kitabxana müdriyyətinin etik normalara nə dərəcədə əməl etməsindən asılı olur. Rəhbərlik etmək mədəniyyəti, öz tabeliyində olan şəxslərlə təkəbbürsüz, hörmətlə, qarşılıqlı başa düşmə əsasında danışmaq mədəniyyəti---- peşənin etik mədəniyyətini dərk etmək mədəniyyətidir. Bu gün insanlarla əvvəlki dövrlərdə olduğu kimi avtoritar üsulla işləmək, subyektiv qiymətləndirmə, impulsiv, qeyri-iradi hərəkət tam qəbul edilməzdir. Hansı kollektivdə avtoritar rejim fəaliyyət göstərir, həmin kollektivdə, eləcə də kitabxanada gərgin vəziyyət yaşanır.

             O kitabxanalar peşəkarcasına işləyir ki, orada müdiriyyət və sravi işçilər hər hansı cari məsələni bərabər hüqquqlu partnyor kimi müzakirə edib qərar çıxarırlar. Müəssisədə bu cür atmosferin olmaması orada kifayət qədər çətinliklərin, xüsusilə psixoloji gərginliyin mövcudluğunu qaçılmaz edir.

             Çox vaxt kitabxanaya yeni ideyalar, planlar və təşəbbüskarlıqla gənc kitabxanaçılar gəlirlər. Onlar  burada işi yaxşılaşdırmaq, özlərinin peşəkarlıq və yaradıcılıq imkanlarını açmaq istəyirlər. Onların bu sahədə düşündüklərini reallaşdırmağa imkan verməyən bir sıra səbəb mövcud olur. Bu səbəbdən biri kitabxana işçilərinin əlaqəsizliyidir. Onların istehsalat  fəaliyyəti müəyyən qayda çərçivəsinə salınmış, iş sahələri ayrı-ayrı işçilərə həvalə edilmişdir. Belə bir şəraitdə təşəbbüskarlıq göstərmək, məsləhətlər vermək yeni gəlmiş sravi işçi üçün münasib sayılmır.

             Kollektivdə etik normaların qorunması kimi mühüm bir problemin həllinə nail olmaq üçün bir sıra ölkələrdə kitabxanaçının etik kodeksi mövcuddur.  Eyni zamanda kitabxana etikası haqqında qanun  qəbul edilmişdir. Məsələn, ABŞ da fəaliyyət göstərən kitabxanalar üçün hazırlanmış kitabxana etikası haqqında qanun girişdən və altı maddədən ibarətdir. Girişdə qanunun əsas prinsipləri və mənəvi istiqamətləri əks olunmuşdur. Belə ki, burada kitabxanaçı tərəfindən qəbul edilən qərarın çevik həyata keçirilmə üsulu müəyyənləşdirilir, intellektual azadlıq normaları, informasiyadan sərbəst istifadə qaydaları təsdiq olunur, kitabxanaçılıq peşəsi üçün vacib keyfiyyətlər izah olunur.

                        Qeyd etmək lazımdır ki, respublikamızda kitabxanalarda etik davranış normaları işlənib hazırlanmamışdır. əlbəttə belə bir məsələnin həll edilməsi müasir dövr üçün vacibdir. Bütün bunlar kitabxanalarda etik cəhətdən normal atmosfera yaratmağa xidmət edən fikirlərdir ki, bundan həm oxucular, həm kitabxanaçılar, həm də bütövlükdə cəmiyyət faydalana bilər.

             Bu gün tam mənada aydın olur ki, kitabxana ünsiyyəti problemi, daha doğrusu kitabxanada baş verən ünsiyyət prosesi həm kitabxana nəzəriyəçilərini, həm də ciddi praktik işçiləri maraqlandıran bir  problemə çevirmişdir. Ünsiyyət problemi kitabxana xidmətinin humanitar cəhətlərinə diqqətin artırılması, şəxsiyyətin statusunun yüksəldilməsi ilə əlaqədardır.

            Əlbəttə ünsiyyət olmasa həm insanın öz aralarında əlaqə yarana bilməz, həm də birgə əmək prosesi baş tuta bilməz. Hər bir cəmiyyətdə yaşamaq, fəaliyyət göstərmək və inkişaf etmək ünsiyyət vasitəsilə baş verir. Ünsiyyət prosesində insan dünya haqqında, insanlar barədə özünün təsəvvürlərini formalaşdırır, qarşılıqlı anlaşma ilə əhatə olunur, başqa adamlarla öz fikirlərini və hisslərini bölüşməli olur.    

      Ünsiyyət nədir.

     Iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirə ünsiyyət deyilir.

     Ünsiyyət anlayışından bəhs edərkən qeyd etmək lazımdır ki, kitabxana ünsiyyəti çox mürəkkəb bir hadisə kimi qiymətləndirilir. Ünsiyyət problemləri üzrə tədqiqat aparanlar kitabxana ünsiyyətini üç modifikasiyaya ayırırlar.

     Kitabxanaçılar arasında;

     Kitabxanaçılar və oxucular arasında;

     Oxucuların öz aralarında.

Məlum həqiqətdir ki, kitabxana ünsiyyəti problemlərinin sırasında kitabxanaçılar və oxucular arasındakı ünsiyyət xüsusi diqqət tələb edir. Bu baxımdan əsas metodoloji məsələlərdən biri kitabxana ünsiyyəti prosesinin iştirakçılarının qarşılıqlı münasibətləri məsələləridir. Onların qarşılıqlı fəaliyyətinin mahiyyətinin dərk edilməsi ciddi praktik əhəmiyyət kəsb edir. Çünki, bütövlükdə kitabxana xidməti prosesinin mahiyyətinin dərk olunması da məhz həmin qarşılıqlı fəaliyyətin mahiyyətindən asılıdır. Kitabxanaçı ilə oxucunun ünsiyyəti nə qədər anlaşıqlı və səmimi olarsa, oxucu sorğusunun ödənilməsinin nəticəsi də bir o qədər uğurlu olar.

            Mürəkkəb çoxsahəli ünsiyyət prosesində qarşılıqlı əlaqədə olan iki nöqteyi-nəzər ortaya çıxır: bunlar psixoloji nöqteyi-nəzər və etik nöqteyi-nəzərdir. Kitabxana ünsiyyəti üçün bunların hər ikisi xasdır.

            Bütün başqa ünsiyyətlər kimi kitabxana ünsiyyəti də müəyyən vasitələrin köməyi ilə baş verir. Bu baxımdan tədqiqatçılar ünsiyyət vasitələri sırasında aşağıda qeyd olunan yəni, dil, jest, maddi əşya, predmet, cinsi və simvolik əlamətləri qeyd edirlər. Əlbəttə kitabxanaçı-oxucu ünsiyyətində ən çox danışıqdan istifadə olunur. Bununla belə jestlər, təbəssüm, gözün ifadəsi (mimika) də az rol oynamır.

            Özünə, öz emosiyalarına və əhvalına nəzarəti bacarmaq kitabxanaçının mühüm peşə xüsusiyyətidir. Ona görə də ünsiyyət prosesi kitabxanaçı üçün başa düşülməli və dərindən dərk olunmalıdır. Kitabxanaçının üzügülərliyi, köməketməyə hazır olması və pedaqoli bacarığı o peşə xüsusiyyətlərindəndir ki, bununla o, hər cür mübahisəni aradan qaldırmağa, bütün ünsiyyət prosesini harmonik vəziyyətə gətirməyə nail ola bilir.

      Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə ithaf olunmuş "Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri" adlı monoqrafiya geniş ictimaiyyətə təqdim edilmişdir. Monoqrafiyada kitbxana etikası məsələlərinə toxunulmuş, ciddi araşdırmalar aparılmışdır. Monoqrafiyanın ən mühüm məziyyətlərindən biri də əsərdə bir sıra dünya ölkələrindən-Türkiyə, ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, İtaliya, Rusiya, Ukrayna kitabxanaçılarının etik davranış kodeksinin təqdim edilməsi və aparılan tədqiqatın məntiqi nəticəsi kimi "Azərbaycan kitabxana əməkdaşlarının etik davranış kodeksi"nin geniş kitabxana ictimaiyyətinin müzakirəsinə verilməsidir. Dünyanın bir çox ölkələrində milli kitabxana assosiasiyalarının, birliklərinin, cəmiyyətlərinin təşəbbüsü ilə kitabxanaçıların etik davranışını, peşə etiketini tənzimləyən qaydaların artıq müəyyənləşdirildiyi, kitabxana fəaliyyətində uğurla tətbiq olunduğunu nəzərə alsaq, təqdim edilən bu konseptual layihə Azərbaycan kitabxanaçılarının etik davranış kodeksinin yaradılmasına təkan verəcəkdir.

İstifadə edilmiş ədəbiyyat :

  1. Kitabxana xidməti [Mətn] : dərslik / S.Rzayev; red. A.A.Xələfov; rəyçilər K.Aslan,

Ç.Əhmədov. – Bakı : Turan evi, 2008.- 337 s.

  1. Fəlsəfə [Mətn] : ali məktəblər üçün dərs vəsaiti /A.Şükürov :elmi red. İ.Əliyev, Z.Hacıyev.- Bakı : Adiloğlu, 2002.- 490 s.
  2. “Gənclər – İnnovasiyalar – Kitabxanalar”. Azərbacyan – Rusiya elmi – praktiki konfransın materialları [Mətn] : [toplu] / layihə. Rəhb. Ə.Qarayev ; tərt. : L.Məmmədova, X.Məmmədov ; tərc. ed. O.Qəbələli ; elmi məsləhətçi V.Əliyev.- Bakı : [Renessans -A], 2016. – 255 s.
  3. Kitabxana və cəmiyyət [Mətn] : [monoqrafiya] / A.Xələfov : elmi red. L.Məmmədova, K.Aslan.- Bakı : Azərnəşr, 2011.- 348 s.
  4. Abuzər Xələfov [Mətn] : Biblioqrafik məlumat kitabı / tərt. Və müəl. S.A.Sadıqova : red. L.A.Məmmədova, K.M.Tahirov: Azərbaycan arespublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı ; Nağıl evi, 2011.- 340 s.

 

Nəzakət Rəhmanova Sabir qızı

                                                                       Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi                   

                                                                       Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma           

                                                                       Mərkəzi  Təlim-tədris şöbəsinin müdiri

Oxunub: 1513

Əlavə olunub: 08.04.2020 15:10

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz