Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəni səfərbərlik

Artıq iki aya yaxın bir müddətdə pandemiya təzahürləri ilə mübarizə davam edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin nümayış etdirdiyi siyasi iradə, hökumətimiz tərəfindən görülən planlı tədbirlər, qəbul olunan qərarlar, o cümlədən preventiv addımlar və bir çox digər amillər koronovirus faciəsinin fəsadlarını minimuma enməsinə səbəb olmuşdur. Bu dövr ərzində hökumət sisteminin bütün bəndləri saat mexanizmi kimi çalışdığının da şahidi olduq. Koronovirusla mübarizə kompaniyası çərçivəsində yaradılmış ianə fondu və həmin fonda iş adamları, konkret müəssisələrdə çalışan kollektivlər, fərdlər və bütövlükdə xalq tərəfindən edilmiş yardımlar bizim üçün vətəndaş borcu və sosial məsuliyyət kimi anlayışların nə dərəcədə önəmli və dəyərli olduğunu nümayiş etdi. Bu dövrün ən böyük mənəvi qazanclarından biri məhz odur ki, pandemiya bizə həmrəylik hissini yaşatdırdı. Təsadüfi deyil ki, ölkə başçısının: “Biz birlikdə güclüyük” ifadəsi artıq milli ideologiyamızın əsas leytmotivlərdən birinə çevrilib. 

            Biz eyni zamanda ötən müddət ərzində həkim, polis və bir sıra digər sahələrdə çalışan insanların qəhrəmanlıq və fədakarlığının şahidi olduq. Məhz onların səyləri nəticəsində pandemiya ilə bağlı yaranmış vəziyyəti idarəolunan səviyyədə qorunub saxlanılması mümkün olub. Düşünürəm ki, qeyd olunan sahələrə qarşı uzun illər ərzində cəmiyyətimizdə məqsədyönlü şəkildə formalaşan neqativ sosial stereotiplərin dəyişdirilməsi üçün gözəl fürsətlər yaranıb. Ümid edirəm ki, hökumətin siyasi texnoloqları bu fürsəti düzgün dəyərləndirəcəklər.

Hər kəsə bir daha aydın oldu ki, ölkəmizdə sabitliyin qorunmasında adı çəkilmiş sahələrin rolu strateji əhəmiyyət daşıyır. Uzun illər ərzində formalaşmış istehza, etimadsızlıq, etibarsızlıq və digər bu kimi sosial münasibət tərzlərinin hədəfi əslində sağlam cəmiyyətdə və ictimai şüurlarda şübhə toxumunun əkilməsidir. Dərin siyasi mülahizələrə varmadanan əlavə edim ki, bir çox dövlətlərin müasir tarixinə müraciət etsək aydın olacaqdır ki, sözügedən metod siyasi texnologiya olaraq, əksər gənc dövlətlərə qarşı tətbiq edilir.    

            Karantin rejiminin xüsusiyyətlərinə qayıdarkən burada yaşadığımız və ya rastlaşdığımız ən çətin sosial-psixoloji halların səbəbi kimi məhz sosial təcridin adı çəkilir. Karantin rejiminin yaratdığı məhdudiyyətlər, o cümlədən insanların sərbəstliyinin məhdudlaşması kimi məsələlər həqiqətən cəmiyyət və fərdlər üçün böyük sınaqdır. Səbirsizlik, psixoloji stresslər, məişət şəraiti, gələcəklə bağlı narahatçılıqlar, sosial şəbəkələr vasitəsilə surətlə yayılan və cəmiyyətdə təzyiq artıran feyklər, anons olunan dəyişikliklər, insanların texnoloji asılılığının artması, naməlumluq hissləri və bir sıra digər təzahürlər fərdlərin sosial təcridini əsaslı şəkildə çətinləşdirir.

Bildiyiniz kimi, insanlar tərəfindən sosial təcrid qaydaların kütləvi şəkildə pozulması isə pandemiya faciəsinin ikinci dalğasına və bununla da daha böyük və faciəli fəsadlara səbəb olacaqdır. Odur ki, insanlar üçün sosial təcrid zamanı mülayim mədəni və mənəvi iqlimin yaradılması strateji əhəmiyyət kəsb edir və bu vəzifəyə milli təhlükəsizlik müstəvisində yanaşmaq tələb olunur. Mövcud məsələdə nümayış oluna biləcək hər hansı bir məsuliyyətsizlik bərpa olunmaz cərəyanlar yarada bilər.   

Hesab edirəm məhz burada, yəni insanların sosial təcrid şəraitinin mülayimləşməsi və onları müxtəlif stresslərdən uzaqlaşması kontekstində biz mədəniyyət kimi yaradıcı sahənin potensialına müraciət etməliyik. Belə ki, insanların koronovirusla bağlı məlumatlandırılması işində yerli televiziya kanallarının yeri və rolu danılmaz olduğu kimi, düşünürəm insanların dörd divar arasında özlərini sıxılmış hiss etməməkdə də yaradıcılığa sövq edən və məhdudiyyətləri tanımayan mədəniyyət sahəsinin də əhəmiyyəti əvəzolunmazdır. Məsələyə fəlsəfi yanaşsaq deyə bilərik ki, insan ən böyük sərbəstliyi məhz yaradıcılıqda tapa bilər. Sərhəd tanımayan yaradıcılıq fəaliyyəti və mütaliə insanı mənzilin dörd divarından gözlə görünməyən və ona əsl müstəqillik bəxş edə biləcək məkanlara qədər apara biləcək.

Azərbaycanda da davam edən karantin dövrü ərzində biz sözün əsl mənasında “mədəni səfərbərliyin” şahidi olduq. Bu müddət ərzində Mədəniyyət Nazirliyin və onun tabeliyində fəaliyyət göstərən yüzlərlə müəssisələr müxtəlif təşəbbüslərin reallaşmasına müvəffəq olmuşlar. İnsanların əylənməsinə və bədbinlik fikirlərdən uzaqlaşmasına xidmət edən sosial şəbəkələrdə minlərlə fərqli təyinatlı çarxlar nümayış olundu. Həmin çarxların xronometrajı aparılmış olsaydı, düşünürəm biz minlərlə saat davam edən möhtəşəm bir yaradıcılıq mənzərəsinin şahidi olardıq.

Müxtəlif internet resursları vasitəsilə nümayış olunmuş və reallaşmış müsabiqələr, konsertlər, filmlər, tamaşalar, parodiyalar, səhnəciklər, satirik çarxlar, musiqilər, kitabların canlı oxunulması, video dərslər, mühazirələr, təbliğat aksiyaları, tanınmış şəxslərin müraciətləri, video ekskursiyalar, video konfranslar, video debatlar və sair layihələr insanların hərəkət məhdudluğunu görünməz və hiss olunmaz etdilər. Sözün əsl mənasında mədəniyyətin yaradıcılıq gücünü gördük. Heç də istisna etmirəm ki, postkoronovirus dövrdə biz bu gün mədəniyyət sahəsində müraciət olunan bir çox üslub və metodların davamlı şəkildə tətbiq olunmasının şahidi olacağıq. Bütün böhran və müharibələr dövründə olduğu kimi bu gün də mədəniyyət öz ideoloji potensialını işə salaraq xalqı öz dövlətinin ətrafında səfərbər olmasına xidmət etdi.

 

Asif Usubəliyev - siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Oxunub: 656

Əlavə olunub: 04.05.2020 10:23

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz