Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Mədəniyyət tariximizin işıqları” adlı tədbirlər

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 104-cü ildönümü ilə əlaqədar olaraq Gəncə şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Gəncə Regional Mədəniyyət İdarəsi və  Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Mədəniyyət tariximizin işıqları” adlı silsilə tədbirlər təşkil etmişdir. Konsert proqramı və ustad dərslərindən ibarət silsilə tədbirlərdə Cümhuriyyət dövründə, habelə ondan əvvəl və sonra yaşamış tarixi şəxsiyyətlərin – Əhməd Cavadın 130, Xurşidbanu Natəvanın 190, Hacı Zeynalabdin Tağıyevin 200, Hüseyn Cavidin 160, Fikrət Əmirovun 100 və Rauf Hacıyevin 100 illik yubileyləri qeyd edildi.

Dörd ixtisas – vokal, fortepiano, kamança və tar üzrə keçirilən ustad dərslərində adları çəkilən dahi şəxsiyyətlər yad edilmiş və onların Azərbaycan mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən bəhs edilmişdir. Gəncə şəhəri Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən ustad dərslərində təcrübəli mütəxəssislər şagird və müəllim heyəti ilə öz təcrübələrini bölüşmüşlər.

Silsilə təbirlərin davamı olaraq, Gəncə Dövlət Filarmoniyasında Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi məktəbinin şagird-müəllim kollektivi, Gəncə Uşaq İncəsənət məktəbinin şagirdləri, Filarmoniyanın solistləri, Dövlət mükafatçıları, yerli və beynəlxalq müsabiqə laureatları zəngin proqramla çıxış etmişlər.

Tədbiri salamlama nitqi ilə açan Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan dövlətinin ötən əsrdə milli müstəqillik uğrunda keçdiyi keşməkeşli yol və bu mübarizənin davamı olaraq müasir dövrdə respublikamızın əldə etdiyi uğurlar barədə fikirləri ilə bölüşdü. Daha sonra giriş sözü ilə çıxış edən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli qonaqları Cümhuriyyətin ilk paytaxtı olan Gəncə şəhərində salamladı və yubileyləri qeyd edilən şəxsiyyətlər barədə məlumat bölüşərək bu dahi şəxsiyyətlərin əziz xatirəsini xalqımızın daima xatırladığını və adlarını uca tutduğunu qeyd etdi. Eyni zamanda o, bildirdi ki, adı çəkilən mütəfəkkirlər milyonlarla insanın qəlbində yaşayır və gələcək nəsillərə mənəvi bağlarla ötürülür.

Tədbir zəngin konsert proqramı ilə davam etdirilmiş, musiqili gecədə Əhməd Cavadın, Natəvanın sözlərinə bəstələnmiş mahnılar, Rauf Hacıyev və Fikrət Əmirovun əsərləri, habelə Hüseyn Cavidin şeirləri səsləndirilmişdir.

Konsertə xüsusi rəng qatan Türk-Azərbaycan qardaşlığının rəmzinə çevrilmiş musiqili xoreoqrafik kompozisiya – “Mehtər marşı” və “Can Azərbaycan” mahnıları tamaşaçlar tərəfindən böyük  maraqla qarşılanmışdır. Yekunda sözləri istiqlal şairi Əhməd Cavada aid olan “Çırpınırdın Qara Dəniz” mahnısı tamaşaçıların diqqətinə təqdim edildi.

Sonda səhnəyə dəvət edilən Gəncə Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və 15 nömrəli Musiqi məktəbinin rəhbərləri təşkil olunan birgə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğuladılar.

mənbə: mct.gov.az

Oxunub: 357

Əlavə olunub: 31.05.2022 21:54

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz