Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Cari ilin 14 iyul tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Mədəniyyətdə iqtisadi yanaşma: kreativ sənaye” adlı vebinar keçirilib.
Mərkəzin əməkdaşları yanaşı, tədbirdə iştirak edən gənc mədəniyyət işçiləri, habelə AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini Allahyar Muradov, institutun şöbə müdirləri Rəsmiyyə Abdullayeva, Mahir Zeynalov və Samirə Əhmədova, eyni zamanda iqtisadçı tədqiqatçı Arif Nəzərov, UNEC Biznes Məktəbinin direktor müavini Şəhla Qəhrəmanova Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin ruhu bir dəqiqəlik sükutla yad ediblər.
Alim və mütəxəssislər öz çıxışlarında mədəniyyət müəssisələrinin fəaliyyətinin planlaşdırılması prosesində iqtisadi təhlillərin aparılması, beynəlxalq iqtisadi təcrübələrin öyrənilməsi və müvafiq mütəxəssislərin cəlb olunması kimi məsələlərin olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulamışlar. Boston Matrix şablonu, Xərc səmərəliliyi planı, VMOST, PESTLE, SWOT və digər təhlillərin mədəniyyət sahəsində təbliği üçün Bakı və regional mədəniyyət müəssisələrində təlim və maarifləndirici xarakterli silsilə tədbirlərin keçirilməsi müəssisələrə iqtisadi sərbəstlik bəxş edə biləcək layihələrdən ola bilər.
Mərkəzin əməkdaşı Tükran Həsənova transformasiya prosesləri zamanı mədəniyyət sahəsindən yeni keyfiyyətlərin tələb olunduğunu bildirərək, sözügedən istiqamətdə sahənin idarə olunması, maliyyə siyasəti, strateji planlaşdırılma və insan resursları kimi istiqamətlər üzrə müasir tədqiqatların aparılması zərurətini vurğulamışlar.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək həssas və mühafizəkar sahə olan mədəniyyətdə mütləq olaraq yeni maliyyə və iqtisadi münasibətlərin formalaşmasına ehtiyac olduğunu xüsusi olaraq qeyd etmişdir. “Mədəniyyət müəssisələrinin modernləşməsi kontekstində kreativ sənaye bir məfhum və fərqli metodlar toplusu kimi mədəniyyət sahəsi üçün ikinci şans kimi qiymətləndirilməlidir” fikrini bildirən A.Usubəliyev vurğulamışdır ki, müxtəlif iqtisadi modellərin tətbiqi, kreativ üsullara müraciət olunması, habelə sənaye ilə inteqrasiya mədəniyyət müəssisələrinə müəyyən mənada iqtisadi müstəqillik bəxş edə bilər.
Daha sonra Mərkəzin elmi katibi Cavid Əliyev tərəfindən ötən müddət ərzində müəssisənin mövcud istiqamətdə gördüyü işlər haqqında iştirakçılara geniş məlumat verilmişdir. Burada beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunmuş tədbirlər, aparılmış tədqiqatlar və yazılmış məqalələr haqqında bəhs olunmuşdur. Mərkəzin şöbə müdiri Nurəddin Babazadə mövcud istiqamətdə müəssisənin planları və regionlarda yaradılmış kreativ laboratoriya haqqında öz mülahizələrini səsləndirmişdir.
Tədbirin sonunda fərqli sahənin mütəxəssislərinin iştirakı ilə birgə reallaşa biləcək layihələrin müzakirəsi aparılmışdır.
Oxunub: 748
Əlavə olunub: 14.07.2020 08:04