Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə dekabrın 15-də Mingəçevir şəhərində tar ixtisası üzrə ustad dərsi keçirilib.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan ustad dərsində idarənin tabeliyindəki Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon musiqi və incəsənət məktəblərinin tar ixtisası üzrə müəllim və şagirdləri iştirak ediblər.
Tanınmış tarzən, Qarabağ Universitetinin İncəsənət fakültəsi İnstrumental ifaçılıq kafedrasının müdiri Arslan Növrəsli tərəfindən aparılan ustad dərsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində təşkil olunub.
Əvvəlcə çıxış edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova builki ustad dərslərinin dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, ustad dərslərinin məqsədi Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılmasıdır. Vurğulanıb ki, ustad dərsləri həmçinin müəllimlərin müasir tədris metodlarına yiyələnməsinə, onların daha səmərəli nəticələr əldə etməsinə şərait yaradır.
Sonra şagirdlər öz ifalarını təqdim ediblər. Arslan Növrəsli tar ifaçılığında diqqət yetirilməli məqamlardan danışıb, öz tövsiyələrini verib. İştirakçıların suallarını cavablandıran tarzən sonda Cahangir Cahangirovun məşhur “Ana” mahnısını ifa edib.
Oxunub: 143
Əlavə olunub: 16.12.2025 10:02