Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Nitqin və ünsiyyətin insan həyatınd rolu

                                                                  

Belə hesab edirlər ki, mahiyyət etibarı ilə bədən və ruhdan ibarət olan insana altı ilahi nemət verilib.  Ağıl- fikirləşmək, anlamaq üçün, ürək-sevmək,  vicdan-yaxşını yamandan ayırmaq, iradə- yolundan sapmamaq, adil, ədalətli olmaq , dil- danışmaq, fikrini ifadə etmək, başqaları ilə ünsiyyətdə olmaq üçün verildi insana.  Sonda, ruhda verilib ki,   Allahla ünsiyyətdə olasan. Bu ilahi nemətləri insanlar həyatı boyu dərk edib özlərində reallaşdırmağı bacarmalıdırlar. Bacarsalar insanlar xeyri şərdən aylrmağı bacaracaq, dünyanı yaxşılıqlarla bəzəyəcək, kamilliyin zirvəsinə catacaq. İnsanlara verilən altı ilahi nemətdən biri olan dil və ünsiyyət haqqında danışmaq istərdim. 

Millət təfəkkürünün düçüncə səviyyəsini onun hadisələrə baxış tərzini 

Ifadə edən ünsürlərdən ən zərurisi dildir. Dil millətin məna qalasıdır. Insanların mağaralardan cıxaraq bu günkü mədəniyyət zirvələrinə qədər gəlib catmağında dilin rolu əvəzedilməzdir. Dil həmdə insanlar arasında ünsiyyət vasitəsidir. Qeyd edim ki, o, yalnız ünsiyyət vasitəsi olmaqla da kifayətlənmir, dünya haqqında bilik, dünyanı görmək, anlamaq və cəmiyyətdə müəyyən mövqe tutmaq üçün əsas şərtdir.  Dil - yalnız insanlara aid olub, onun şəxsiyyət kimi cəmiyyətdə formalaşmasında böyük rol oynayır.   

Müasir dövrdə İnsanlar arasında informasiya mübadiləsini təmin edə biləcək vasitələr çox və müxtəlifdir. Burada hansı dil qrupuna aid olmasından asılı olmayaraq həmin dilin daşıyıcıları və həmin dili mənimsəmiş insanlar dildən ünsiyyət prosesində ünsiyyət vasitəsi kimi istifadə edirlər. Dil vasitəsilə insanlar arasındakı bu cür ünsiyyət prosesi nitq adlanır. 

Dil ümumi, nitq isə fərdidir. Dil hamıya eyni dərəcədə xidmət göstərir, nitq isə dil daşıyıcısının qabiliyyətindən, səviyyəsindən asılı olaraq, hər insanda müxtəlif formada meydana cixir.  Öncə nitqdən danışaq. 

İnsanı ilk tanıdan, onu qismən də olsa görüntüləyən xarici görnüşü olsa da, əsas onun haqqında fikir yaradan onun danışığıdır. Nitq insanı ən qısa yoldan tanıdır. Qədim yunan filosofu Sokrat deyirdi: “Danış səni tanıyım”. Dil və nitq həm də insanın hansı əqli, mədəni və psixoloji səviyyədə olmasının da göstəricisidir. Nahaq yerə Həzrət Əli söyləmirdi  İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir. Hər kəs dilinin altında gizlənib danışmayınca onun ağıllı ağılsız  olması haqqında hec bir söz demək olmaz.” Deməli, bizim danışığımız ümumilikdə bizim dünyagörüşümüzü, təfəkkürümüzü, intelektimizi, həyata baxış tərzimizi, həmin anda isə daha çox hansı psixoloji ovqatda, əhval-ruhiyyədə və düşüncədə olmağımızdan xəbər verir.  

Hər bir insan, xüsusilə, auditoriya qarşısında çalışan, insanlarla daim ünsiyyətdə olan müəllim, həkim və digərləri gözəl nitqə, səmimi danışığa sahib olmalıdır. Sirr deyil ki, çox vaxt şagirdlıər müəllimi sevəndən sonra onun fənnini sevirlər və öyrənirlər, xəstə həkimə inanandan sonra daha sürətlə sağalmağa başlayır. Yəni nitqin gözəlliyi həm də səmimiyyətə söykənməlidir. Azərbaycan şairi Saib Təbrizinin təbirincə desək, “Söz yalnız səmimi keyfiyyətlərə malik olduğu təqdirdə təsir edə bilər.”  Böyük filosof elm dünyasının şahı  Nəsrəddin Tusi Əxlaqi Nasir  əsərində deyirdi: “ Nitq və ünsiyyət o zaman baş tutur ki, insan nəyin nizama aparıb cıxaracağını, nəyin nizamsızlığa səbəb olacağını öyrədən elmi yaxşı bilsin. Deməli hamı elm öyrənməyə səy göstərməlidir ki, fəzilət sahibi olmağı bacarsın, əks halda  rəftar və davranışlarda səhfə yol verə bilər.” Deməli, biz  dilimizi, nitqimizi və bunların əsasında formalaşan ünsiyyətimizi gözəlləşdirmək, saflaşdırmaq, mədəni səviyyəyə çatdırmaq üçün elm öyrənməli, mütaliə etməlyik. 

Nitq bizim düşüncələrimizin nəticəsidir, nə düşünürüksə, necə düşünürksə elə danışırıq. Bəzən bizim danışığımız mənəvi və psixoloji durumumuzu yox həm də maddi durumumuzu da təyin edir. Aydın düşünən insanın nitqi də aydın olar. Ona görə həyatlarında dəyişiklik etmək istəyən və müxtəlif biznes, inkişaf kurslarına gələn insanlara ilk növbədə, həm də, necə danışmağı öyrədirlər. Düşüncəmiz nədirsə, dilimiz də odur,   danışdıqlarımız  nədirsə, həyatımız da odur. Həyatımızın gedişini dəyişdirmək istəyiriksə, düşüncələrimizi və nitqimizi dəyişək. Böyük Fransız sərkərdəsi Napoleon Bonapart cox yerində söyləmişdir. “Koryerada irəliləmək istəyən şəxsin gözəl nitqi olmalıdır.” 

  Biz insanlar  mədəni nitq əsasında  bir-birimizlə ünsiyyət qururuq. Çünki, insanlar tarix boyu öz aralarında ünsiyyət etməyə ehtiyac duymuşlar. İnsan, ünsiyyət bacarığına sahib olaraq dünyaya gəlir və həyatı ünsiyyətlə bağlı olaraq keçir. İnsan həyatının hər anında ünsiyyətlə bağlı fəaliyyətdə olur və digərlərinin ünsiyyət obyektinə çevrilir. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi  aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır anlayırlar. Başqa sözlə  ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri  şərt kimi özünü göstərir.   

  Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsir edir, etibarlarını qazanır,öz bilik və təsəvvürlərini başqalarına aşılayırlar. Aydındır ki, ünsiyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai həyatının gedişini tənzim edir. Təsadüfi deyildir ki, tədqiqatçılar ünsiyyəti insanların bir-birini anlaması başa düşməsi prosesi, fikirlərin təəssüratların başqalarına verilməsi prosesi , insanların başqalarına olan tələbatı prosesi hesab etmişlər. 
Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin təşəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur. 
Planetimizi bürümüş movcud pandemiya şəraitində insanların ünsiyyətində bu gün müəyyən məsafələr yaranıb və yuxarıda qeyd etdiyim məqamların aşılanmasında müəyyən problemlər ortaya çıxıb. Biz insanlar sosial izolyasiya dövründə daha cox virtual ünsiyyətdən istifadə edirik. Ünsiyyətin insanların sosiallaşması, şəxsiyyət kimi formalaşması, ətraf mühitə adaptasiyası, insan fəaliyyətinin ünsiyyətdə ən böyük sərvət adlanan digər tərəflərə ehtiyacı olması, fikirlərinin təsürratlarının, sevinc və kədərlərinin  başqaları ilə bölüşməsi  baxımından bu günlərdə hər kəs  ünsiyyətin onun üçün nə qədər əhəmiyyətli olduğunun bir daha fərqindədəirlər.  Vurtual ünsiyyət bizə nə verir.  

  Fikrimcə virtual ünsiyyət  movcud olan vəziyyətlərdə çıxış yolu, vaxta qənaət və açılan imkanlar baxımdan fəaliyyətin dvam etdirilməsi kimi qiymətləndirilə bilər. Bilavasitə canlı ünsiyyətin əvəzsiz olmasına baxmayaraq, virtual ünsiyyət də insanın ünsiyyətə olan tələbatını müəyyən zaman çərçivəsində ödəyir. Xüsusilə, real həyatda tanış, qohum, lakin müxtəlif səbəblərdən ayrı-ayrı şəhərlərdə, ölkələrdə yaşayan insanların virtual ünsiyyət vasitəsilə bir-biri ilə əlaqə yaratması xiffət hissinin, narahatlığın müəyyən qədər də olsa, azalmasına kömək edir.  Lakin eyni şəhərdə, yaxın ərazidə yaşayan insanlar bir-birinə baş çəkmək, görüşməkdənsə virtual ünsiyyətə üstünlük vermələri ağılasığmazdır. Bu gün isə movcud vəziyyətdə hər kəs  çıxış yolu kimi bu vasitələrdən istifadə edir. Ümid edirəm ki, bu vəziyyət müvəqqəti xarakter daşıyır. Insan düşünəndəki onu həyatı ömür boyu internet üzərindən idarə olunacaq, yalnız virtual ünsiyyətdən istifadə edəcək, bax onda neyniyəcəyini bilmir. Çünki  virtual ünsiyyətin zərərli tərəfləri onun xeyirli tərəflərindən daha coxdur.  Ümumiyyətlə,  canlı ünsiyyətə olan tələbat insanın ən fundamental tələbatlarından biridir və insanın bir şəxsiyyət kimi formalaşmasında onun rolu əvəzsizdir. Bir məqamı da unutmaq  olmaz ki, insanı formalaşdıran hər hansı ünsiyyət deyil, məzmunlu, şəxsi məna kəsb edən ünsiyyətdir - insanı həm intellektual, həm də emosional cəhətdən fəallaşdıran, zahiri maskalardan, səthi oyunlardan uzaq olan ünsiyyətdir. İndi gəlin baxaq, virtual ünsiyyət həmişə bu meyarlara cavab verirmi? Bu gün virtual ünsiyyət xüsusən gənclərdə bu meyarlara cavab vermir. Virtual ünsiyyət insanlarda internet asılılığı yaradır, onun psixoloji durumuna, sağlamlığına, cəmiyyətdə sosiallaşmasına öz mənfi təsirini göstərir. Rəqəmsal ünsiyyətdə insanlar öz sevinclərini, kədərlərini bir sözlə his-həyəcanlarını bildirə bilmirlər. Bütün bu məqamlar isə insanların bir-birlərinə soyuqlaşması prosesini yaradır və sürətləndirir.  Son bir ayda ünsiyyətin bu forması özünün pik həddinə catmışdır. Bunun da müəyyən səbəbləri var. Bu gün biz müəyyən edilmiş qadağalara görə öz fəaliyyətimizi reallaşdırmaq üşün daha cox virtual ünsiyyətə üstünlük veririk. Ümid edirəm ki, bu hal müvəqqəti olcaq və bütün insanlarımız yaxın günlərdə özlərinin canlı ünsiyyətinə dönəcəklər. Ünsiyyətin canlı forması insanları doğmalaşdırır, birgəliyə, sevgiyə səmimiyyətə doğru aparır.  Yadda saxlamaq lazımdır ki, virtual həyatdan fərqli olaraq real həyatda insanlar özlərini xoşməramlı və səmimi aparmağı unutmamalıdırlar. Çünki real həyat insanın simasını daha aydın göstərməyə qadirdir. Hər kəsə tövsiyyəm var. Gülümsəyin, belə olduqda siz parlaq və işıqlı şəxsiyyət olacaq və insanları özünüzə cəlb edəcəksiniz. Və əksinə, siz neqativ emosiyaları özünüzdə cəmləsəniz, insanları özünüzdən uzağa itələyəcəksiniz. Bütün bunlar isə yalnız  xoş və canlı ünsiyyət vasitəsilə əldə olunur. Fikirlərimi görkəmli şərq filosofu,sufi alim Cəlaləddin Rumi Mövlananın gözəl bir fikri ilə tamamlamaq istərdim “İnsanı ən qısa yolla tanıdan və keyfiyyətini göstərən dildir. Könlü və sözü bir olmayan insanın yüz dili olsa belə,o yenə dilsiz sayılır.         

                                                            Nəzakət Rəhmanova Sabir qızı 

                                                            Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi                     

                                                            Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma            

                                                            Mərkəzi  Təlim-tədris şöbəsinin müdiri 

 

Oxunub: 9313

Əlavə olunub: 15.04.2020 11:59

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz