Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Ölümsüzlük zirvəsi

Çöldə yağış yağır. Buludlar damla-damla dilə gəlib qəlbinin dərinliklərindən layla çalır könül dünyamıza. Həsrət, hicran, vüsala qovuşmaq eşqi ilə qovrulan ürəklərə damla-damla yağdırır təsəllisini. Bu damlalar bir aləmdə qovuşaraq ümman olur. Ruhumuzu öz selində çağladan ifadəsi mümkünsüz bir eşq dəryası. Hər zərrəsi insan adlı yarı cahil, zahirənsə kamillik sərgiləyən dəlisov bir varlıq.

Həyat adlı oyunda həm oyunçu, həm də oyuncaq olan bu varlığın nitqi düşüncələrinin ahəngində əks olunur asimana. Bu sədanın bəmi də ruhun diqtəsidir, zili də. O bəzən musiqinin ən doyumsuz xırdalıqlarında gəzişərək çatdırır həyatın ən həqiqi yönlərini. Dinləyərkən belə düşünməyən insanların varlığına öyrəşir. Dünyanın hər üzünü tanıdıqca özünə valeh olduğu kimi, həyatın hər üzünə də heyran olur və ya bu məcburiyyətin tabeliyinə boyun əyib məğrurluq sərgiləyir. Bəzən isə bu məğrurluq əngin səmaların hədiyyəsi olur ona. Daha doğrusu, Yaradan onu müəyyən bir missiya ilə göndərir yer üzünə və insanlığın cəmindən formalaşan cəmiyyət adlı bu topluluğa bir fərd edir əvvəlcə. Onun həyatının ilkin mərhələləri öz yaşıdları kimi keçir. Yəni o da körpə zəkasına tuş gələn məqamlara sadə duyğu reseptorlarından çaxılan qığılcımlarla reaksiya verir. İstəkləri də özü kimi kiçik olur. Ancaq zaman gəlir, onun idrakına hökm edən məqsədyönlülük özünü göstərməyə başlayır. Bax o gündən onun əqidəsi, amalı cığır açır getdiyi yolda. Onunla yolu kəsişməyənlərin isə ünvanı dəyişir. Artıq idrakının kamilliyə qovuşduğunu tam dərk etməyə başlayanda isə o özü üçün yaşamadığını anlayır. Daha doğrusu, beynində kitab kimi səhifələnən istəklər toplusu onu bir çox məqamlardan xəbərdar edir. Məhz o zaman başlanır seçilmişlik. O seçilmişliyin isə ardıcılları böyük bir məktəb yaradırlar. Arzu, niyyət və inam dolu bir məktəb. Bu məktəbin məzunu olmaq, o sıraları fəth edə bilmək yuxusuz gecələr, böyük səbr, ən əsası isə məğlubiyyət və ən çox inandıqlarından görə biləcəyin xəyanət döngələrinin varlığını tanımağı  tələb edir.

Elə haqqında söhbət açacağımız şəxsiyyətin minlərlə kitaba mövzu olan gerçək həyat hekayəsi kimi. Onun keçdiyi ömür yolu hər kəsə məlumdur. Biz bu həyat məktəbinin mərhələlərini kitablardan oxuyub yaxın keçmişimizin tarixi kimi öyrənirik. Ancaq bu hekayənin bədiiləşdirilməyə möhtac tərəfləri daha az təqdim edilir. Həyatının hər mərhələsini böyük bir mübarizliklə keçirən insanın könül dünyasında musiqi, poeziya yer tapır özünə. Qəlbinə yaxın olan melodiyaların ilk notları belə göz çeçməsini çağlatmaq qüdrətində olur. Pianonun üzərində gəzişən barmaqların toxunduğu ağ və qara dillərin aramla enişi və təkrar qalxıb öz mizanını qoruması ona həyatının hər kəsə qapalı olan məqamlarını xatırladır bəlkə də? Və ya uzun illər əvvəl ayaq basdığı bir yer, döydüyü qapı, eşitdiyi bir söz düşür yadına, kim bilir? İnsanlıq üçün yaşayan kəslərin öz həyatından etdiyi fədakarlıqlar... Ən ağırı da elə budur. Günəşin şöləsindən güc alan torpaq Günəşin bağrında çatılan tonqallardan xəbərsiz olduğu kimi, insanlar da seçilmişlərin həyatında olan fədakarlıqlarını bilmirlər. Onun da həyatında sevməyin, sevilməyin, şəfqətin, mərhəmətin qüdrətindən güc aldığını bilmədikləri kimi.

            Bəli dəyərli oxucu, biz səninlə əslində böyük bir nəslə örnək və öndər olan ümummilli liderimiz Heydər Əliyevin mənəvi dünyasına az da olsa nəzər salmaq üçün görüşdük bu gün. Onun həyat və fəaliyyəti bir çox elm xadimləri tərəfindən incələnib. Bəlkə mənim yanaşmamı maraqla oxumaya bilərsən. Çünki fikirlər müxtəlifdir. Amma əsas olan insanın könül dünyasıdır. O dünyada isə öz sevgisinə sadiq olub, bu eşq uğrunda bütün çətinlikləri belə gözə almağa hazır olan bir həssas, eyni zamanda da güclü qəlb dayanır. O qəlbin diqtəsi ilə Cavid əfəndi öz doğma yurduna qovuşur haqq dünyasında. Azərbaycanın əsrlərə meydan oxuyan mədəniyyəti - müstəmləkə dövründə belə tikanlı çöllərdə gül qoxuyan o aləm dünya miqyasında tanıdılır. Bəli, məhz dünya miqyasında, çünki bəhs edilən illərdə “Həqq mənəm, həqq məndədir” sözlərini mavi dalğaların ağuşuna təslim etmək düşünüləcək qədər də asan deyildi. Bu və bunun kimi neçə önəmli faktlar. Əksəriyyəti bizə məlum olduğu üçün təkrarçılıq etmək istəmirəm. Amma bu yazımı məhz bədii əhvalda kökləmək istəməyimin ən əsas səbəbi insanın daxilinə hökm edən duyğuların hər kəsə yaxşı məlum olmasıdır. Hər birimizin çox gözəl bildiyi duyğuların dalğasından yaranan burulğanlar. Axı dəli dalğaların belə təslim olduğu gözə görünməyən bir qüvvə var. Adına eşq, sədaqət, mərhəmət və ya necəsə fərqli bir ifadə tapılan fövqəltəbii bir qüvvə.

            Hə əziz oxucu, indi bu yazımı oxuduqca nə hisslər keçirəcəyin mənə çox maraqlıdı... Sənin üçün mənasız bir söz yığınımı olacaq? Yoxsa itirdiyin zamanamı heyfsilənəcəksən? Bəlkə də duyğularının elə bir məqamı olacaq ki, hansısa bir sözüm sənin həyatından bir anı ifadə edəcək? Bax bunun cavabı məndə yoxdur. Bu işin marağı da elə budur. Sən hər halda və hər vəziyyətdə məni anlayacaqsan. Ya da mən buna ümüd edirəm. Bilirsən niyə? Çünki insanlar zahirən fərqli olsalar da, daxilən yaşadıqları hisslərdə bənzərlik var. Ən böyük oxşarlıq isə təbiətlə insanın könül dünyasıdır. Axı insan ömrünün də fəsilləri var - eynilə təbiətin yazı, yayı, payızı və qışı olduğu kimi.

            Buludlar ağlayır... Buludların gözlərindən çilənən hər damlanın torpağa qovuşması ilə  günəş  nur çiləyir yer üzünə. Bu şəfəqin sehri layla çalır çiçəklərə. Gözümüzdən süzülüb yağış damlasına qarışan gözyaşımız qurumağa macal tapmadan gözümüz o çiçəyə sataşır. Bax beləcə, təkrar-təkrar vuruluruq dünyamıza.

Rəfiqə NƏSİROVA

Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı

Oxunub: 626

Əlavə olunub: 13.05.2020 06:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz