Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qələbəmizin mədəniyyət salnaməsi (VİDEO)

Respublika Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbəmizin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb.
Bu məqsədlə 5 noyabr 2022-ci il tarixində Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı 11 İllik Musiqi Məktəbində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Bakı Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Zəfər gününə həsr olunmuş “Qələbəmizin mədəniyyət salnaməsi” adlı ədəbi-bədii tədbir təşkil olunmuşdur.
Şəhid ailələri və qazilərin də iştirak etdiyi tədbirin giriş hissəsində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəylinin salamlama nitqi ilə başlamışdır.
Tədbirdə çıxış edənlər: Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadə, Azərbaycan Milli Ordusunun hərb tarixində ilk komandir qadın, 1-ci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polis mayoru Aida Şirinova, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədr müavini, Şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Bakı Musiqi Akademiyasının professoru, fəlsəfə doktoru, şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova, Vətən müharibəsi qaziləri Amid Paşayev və Pərvin Şahməmmədov vətəni müdafiə çağırışına səngərlərdən səs verən şəhidlərimizin vətən sevgisini, torpaq qeyrətini qanları ilə yazdıqlarını bildiriblər.
Çıxışlarda qəhrəmanlığa həsr edilmiş mövzularda müxtəlif formatlı tədbirlərin təşkil edilməsi və sosial şəbəkələrdə paylaşılmasının əhəmiyyətindən danışılaraq milli şüur və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinin mədəniyyət sahəsinin qarşısında duran vacib vəzifələrdən olduğu xüsusi vurğulanıb.
Tədbir çərçivəsində “Bölgə” eksperimental teatr truppasının ifasında “Zəfər müjdəçisi” adlı tamaşa səhnələşdirilmişdir. Vətən sevgisini ifadə edən tamaşa tədbir iştirakçılarının böyük diqqətinə səbəb olmuşdur. Döyüş meydanında əsgər qəhrəmanlığından, vətənpərvərlikdən və ordumuzun uğurlarından bəhs edən tamaşada ədəbiyyatımızda öz əksini tapmış qəhrəman obrazlara da müraciət edilmişdir.
Şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Süleyman Ramaldanov, şəhid mayor Elsəvər Paşayevin qızı Nəzrin Paşayeva, Şəhid pilot Rəşad Atakişiyevin oğlu Turqut Atakişiyevin iştirakı ilə davam edən tədbirin bədii hissəsində “Qəhrəman övladları” uşaq xoru, Bakı Musiqi Akademiyasının 1-ci kurs tələbəsi Aydın Əliheydəri, Bakı şəhər 17 və 22 saylı musiqi məktəblərinin kollektivinin ifasında “Xudayar təsnifi”, Tofiq Quliyevin “Qaytağı”, Üzeyir Hacıbəylinin “Çırpınırdı qara dəniz”, Şəmistan Əlizamanlının “Cənab leytenant”, Könül Hüseynovanın “Qəhrəman övladıyıq”, Arif Məlikovun “Komdenin arzuları”, həmçinin “Azərbaycan” və “Yaşa mənim xalqım” və digər əsərləri səslənib.
Tədbir çərçivəsində tanınmış rəssam-modelyer, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti Fəxriyə Xələfovanın yaratdığı “Qarabağ şahzadəsi” kolleksiyasından üç libas təqdim olunub. Libasın naxışlarında Xarıbülbül çiçəyi və Şuşa qalası əks olunur. Həmçinin, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, “Qarabağ geyimləri” kitabının müəllifi Gülzadə Abdulova tərəfindən hazırlanmış Qarabağ milli geyimləri nümayişi etdirilmişdir. Tədbirin sonunda “Azəripək” MMC tərəfindən işlənmiş “Qarabağ” kəlağayı kolleksiyası sərgilənib, “CASA Baku” tərəfindən təqdim olunan Qarabağ kətəsinin hazırlanma prosesi isə “masterclass” formatında iştirakçılara təqdim olunub.
Eyni zamanda, uşaqların əl işlərindən ibarət rəsm sərgisinə və Sabir Çopuroğlunun neftlə çəkdiyi əsərlərə baxış keçirilib.
 

Oxunub: 353

Əlavə olunub: 05.11.2022 21:00

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz