Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Sədi Şirazi hikmətinin işığında

Paxıla istəmə bəla, o yazıq, Olmuşdur əbədi bəlayə düçar. Nə lazım olasan paxılla düşmən, Onun paxıllıqtək öz düşməni var. Şərq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan böyük arif və şair, şeyx Əbu Məhəmməd Müslihəddin İbn Abdullah Sədi Şirazi XIII əsrin əvvəllərində irfan və şeir diyarı olan qədim Şiraz şəhərində dünyaya göz açıb və öz dövrünün ən qüdrətli söz sənətkarı olub. Onun poeziyası 800 ilə yaxın zaman ərzində geniş yayılmış, milyonlarla insanların mənəvi-əxlaqi təmizliyə, xeyirxahlığa,haqq-ədalət yoluna səsləmişdir. “Kamil insanlarla həmsöhbət olan kamilləşər. Kamilləşməsədə ən azından onun ətrini daşıyar... ” deyərdi Şeyx Sədi. Sədi Şirazi yaradıcılığına işıq salmağım təsadüfü deyil. Bu günlərdə onun zəngin irsini bir daha vərəqlədim. “Gülüstan”nı oxudum və baş vurduqca Sədi Şirazi dünyasının dərinliyinin, kamilliyinin, zənginliyinin bir daha şahidi oldum. Mənəvi-əxlaqi təmizlik, elmilik, xeyirxahlıq, haqq-ədalət yolunu tutmaq Sədi Şirazinin həyat amalı olub. Sədinin yaşadığı dövr çox qarışıq bir zamana, Bağdadın monqolların hücumlarına tab gətirməyərək təslim olduğu və Abbasilər xilafətinin süqut etdiyi dövrə təsadüf edirdi. Qanlı səlib yürüşlərinin yarısı da Sədinin yaşadığı dövrlə üst-üstə düşürdü. Sədi də yaşadığı bu dövrdə özü dediyi kimi “aləmin zənci saçlarıtək bir-birinə qarışdığı” zamanın şahidi olub. Şeyx Sədi bir müddət Bağdadda yaşayır və bu ölkə Sədinin yetişib formalaşmasında və dünyagörüşünün artmasında böyük rol oynayır. Həmin dövrdə Bağdad bütün xilafətin mərkəzi, Sədinin təhsil aldığı “Nizamiyyə” mədrəsəsi isə o dövrdə təkcə Şərqin deyil, bütün dünyanın ən böyük təhsil ocağı idi. Sədi qısa müddət ərzində oxuduğu mədrəsədə tələbələr arasında öz fərqli düşüncəsi, dünyagörüşü və ağlı ilə fərqlənməyə başlayır. Təhsilini başa vurduqdan sonra Şeyx səyahətlərə başlayır. Buna görə də bəzi mənbələr Sədini eyni zamanda orta əsrin böyük səyyahlarından biri hesab etmişlər. Bu səyahət Sədinin dünyagörüşündə böyük dəyişiklik yaratmışdır. Şairin itigörən gözləri xalqlar arasında mövcud olan əlaqələri, bu xalqların adət və ənənələrini bütün dərinliyi ilə görmüş, əsərlərində onlardan yeri gəldikcə istifadə etmiş və hikmətli nəticələr çıxarmışdır. Vətənini qızğın məhəbbətlə sevən, həmişə vətən həsrətilə yanan şair deyir: “Mən istərdim ki, Bəsrədə və ya Bağdadda qalım, lakin Rüknabad suyu və Şiraz torpağı məni özünə tərəf çəkir”. Şiraz İranın güllər şəhəri, şairlər şəhəri, İranın mədəniyyət paytaxtı hesab olunurdu. Şəhər gözəl təbiətə malik olub Zaqros dağ silsiləsi ilə əhatələnmişdir. Ədəbiyyatın inkişaf etmiş məkanı hesab olunurdu. Məhz şəhərin bu gözəlliyi onu Şiraza cəkib gətirdi.Ömrünün sonuna qədər Şirazda qaldı və oradada vəfat etdi. Sədinin və Hafizin məqbərəsi Sədiyyə və Hafiziyyə adlanır və Şirazın ən çox ziyarət edilən yerlərindən birinə çevrilmişlər. Arasıkəsilməz səyahətdən yorulan Sədi, nəhayət, XIII əsrin ortalarında vətəni Şiraza döndükdə artıq böyük həyat təcrübəsinə malik, kamil bir şair idi. Sədi tarix üçün misilsiz qiymətə malik olan əsərlər yadigar qoymuşdur. O, şahların qəzəbindən, hökmdarların zülmündən qorxmayaraq öz əsərlərində müstəbidlərə qarşı çıxmış, məzlumların tərəfini saxlamış, ədaləti tərənnüm etmiş, heç bir bəxşiş və mükafat qarşısında həyatının sonuna qədər mövqeyini, əldən verməmişdir. Həm yaradıcılığında həm də həyatda şairə hörmət qazandıran məqamlarda bundan ibarət idi. Onun qəsidələri də əsasən şahlara və böyüklərə nəsihət və məsləhətdən ibarət olmuşdur. Sədi ömrünün son günlərini Şirazın şimal–qərbində bir dağ ətəyindəki xanəgahda yaşamış və ölməz əsərlər, qəzəllər, qitə və rübailər yazıb yaratmışdır. Təsadüfi deyildir ki, onun şairlik şöhrətini eşidən böyük şəxsiyyətlər uzaq vilayətlərdən Sədinin ziyarətinə gəlmiş, ona qiymətli hədiyyələr gətirmişlər. Lakin Sədi dünya malı toplamamış, əksinə, əlinə düşənləri ehtiyacı olanlara paylamışdır. Xalq arasında Sədi haqqında belə deyilirdi: “Sədinin bir qapısından nemət daxil olur, o biri qapısından ehtiyacı olanlara paylanır”. Sədinin ən qiymətli, şah əsəri olan “Gülüstan” və “Bustan” əsərləridir. “Gülüstan” 8, “Bustan” isə 10 fəsildən ibarətdir. Sədinin bu iki əsəri ona dünya şöhrəti qazandırmışdır.Əsərlər yeddi əsrə yaxın bir müddətdə dünyanın bütün mədəni xalqlarının sevə–sevə oxuduğu kitablardır. Şərq ədəbiyyatında Sədiyə qədər “Bustan”a bənzər əsər tapmaq mümkün olsa da, “Gülüstan”a oxşar əsər tapmaq çətindir. Sədi “Gülüstan”ı son dərəcə ustalıqla həm nəsr, həm də şeirlə yazmışdır. “Gülüstan” əsəri elə məharət və qüdrətlə yazılmışdır ki, istər onun nəsr hissəsi, istərsə şeir hissəsi füsünkar bir qələmin məhsulu kimi nəzərə çarpır. Əsərin səkkiz fəsli tərbiyyəvi əhəmiyyətli maraqlı məqamları özündə əks etdirir: I Fəsil Hökmdarların rəftarı haqqında; II Fəsil Dərvşilərin əxlaqı haqqında; III Fəsil Qənaətin fəziləti haqqında; IV Fəsil Susmağın faydaları haqqıda; V Fəsil Eşq və cavanlıq haqqında; VI Fəsil Zəiflik və qocalıq haqqında; VII Fəsil Tərbiyənin təsiri haqqında; VIII Fəsil Söhbət qaydaları haqqında. Əsərdə dil sadəliyi, məzmun dərinliyi, az sözlə cox böyük mətləbləri insanlara çatdırmaq bacarığı, söz yığcamlığ, zərbəni düz hədəfə vurmaq qabiliyyəti özünü bütün parlaqlığı ilə göstərmişdir. “Gülüstan” əsərinin belə şöhrət qazanması təkcə onun məzmununa görə deyildir. Bu əsər eyni zamanda ustalıqla yazılmış, sadə və bədii ifadələri, təşbeh, məcaz, səc, kinayə, istiarə və başqa bədii ifadə tərzləri ilə də özündən əvvəlki və sonrakı əsərlərdən çox fərqlənir.Sədi “Gülüstan” əsərindəki nəsihətlərini elə məharətlə oxuculara aşılayır ki, ondan həm hakim, həm məhkum, həm alim, həm cahil, həm zahid ibrət dərsi götürə bilir. Təsadüfi deyildir ki, məşhur hind şairi Həsən Dəhləvi “Gülüstan” əsəri haqqında demişdir: “Həsən Sədinin “Gülüstan”ından bir gül dərib gətirmişdir. Çünki məna əhli ancaq bu Gülüstandan gül dərər”. Sədi ilə yaxından dost olan Azərbaycan şairi Hümam Təbrizi də Sədinin şairlik qüdrətini çox yüksək qiymətləndirib onu özünə ustad hesab etmişdir. Sədi yaradıcılığında daima realist fikirlər söyləmişdir. Ömrünün böyük və şüurlu hissəsini səyahətdə keçirərək, xalqların acınacaqlı məişətlərini müşahidə edən mütəfəkkir şair istər-istəməz onları birliyə çağırmış, həqiqəti olduğu kimi dərk etməyə çalışmışdır. O, ölkəni, cəmiyyəti sağlam ağıl və idrakla idarə etməyi lazım bilmiş, kamil insanın cahil insandan fərqləndirən məqamları insanlara çatdımış, eyni zamanda bütün insanların bərabər hüquqda yaşamaq ixtiyarı olduğunu irəli sürmüşdür. Bu baxımdan şairin əsərlərinin tolerantlıq və multkultural dəyərlər baxımından da nə qədər qiymətli olduğu gözdən qaçmır. Sədi bilik və ləyaqətə də şəxsi məsələ kimi baxmır, onun fikrincə, cəmiyyətin ləyaqətli üzvü olan hər kəs özünə səadət təmin etdiyi kimi, cəmiyyətə də xeyir verməlidir. Çünki, özünü sevməyənlər, öz həyatını qiymətləndirməyənlər cəmiyyətin də halına qalmaz, bəlkə ona bir yük olarlar. Deməli, elm və sənətə sahib olmaq ən vacib məsələlərdəndir. Bilik onun üçün əldə edilir ki, o cəmiyyətə, xalqa xeyir versin. Xeyirli işə sərf olunmayan bilik əldə edilməsə daha yaxşıdır. Ona görədə şair cox gözəl söyləmişdir. “Oxuduğuna əməl etməyən alim, məşəl gəzdirən kora bənzər”. Bütün bu xüsusiyyətlər Şeyx Sədi Şirazini bəşəri etmişdir. Biliyin olsa da bir Ümman qədər, Nadansan əməlin olmasa əgər, Təsadüfi deyildir ki, “Gülüstan”ın bir çox şeirləri sonralar zərbi məsəl kimi dillər əzbəri olmuşdur. Tarixdə hələ heç bir kitab bu qədə ibrətamiz sözlərlə zəngin olmamışdır. Sədi “Gülüstan”ın əbədi qalacağına əmin idi. Doğrudan da qərinələr keçdi, şahlar, xaqanlar gəlib getdi, saraylar tikildi, dağıldı, dünya dəyişdi, lakin Sədinin “Gülüstan”ı getdikcə daha çox təravətlə ətir saçdı, onun əlvan gülləri heç zaman solmadı.Məni bu gün də özünə çəkən və yenidən oxumağıma səbəb olanda məhz “Gülüstanın” bu sehridir. Bu sözlərlə başlanır gözəl əsər Mərhəmətli və Mehriban olan Allahın adı ilə başlayıram. İzzət və calal sahibi olan Allaha şükr edirəm ki, itaət etməklə ona yaxınlaşır, şükr etməklə öz nemətini artırırsan. Hər nəfəs aldıqca ömür uzanır, hər nəfəs verdikcə ürək şadlanır. Deməli, hər nəfəs almaqda iki nemət mövcuddur və hər nemətə şükr etmək gərək. Dil şükür etmək üçündür. Rəbbini tanıyan dilini qeybət üçün işlətməz. Qulaq batil və boş sözlər üçün deyil, Allah kəlamını və nəsihətləri dinləmək üçündür. Dil və qulaq qəlbin açarıdır. Dil danışmasaydı, könüllərin sirləri gizli qalardı. Qulaq eşitməsəydi, insan necə elm sahibi olardı? Ey insan, sən haqq yolunda oyuncaqla oynayan uşaq sayılırsan. Böyüklərin ətəyini buraxma. Mayası xarab şəxslərlə oturub durma, izzət və vüqarını itirərsən. Alimlər və müəllimlər möhkəm divar kimidir. Təzəcə ayaq açıb gəzən uşaq divardan tutaraq gəzər. Sən də təzəcə yeriməyə başlayan uşaq kimi alimlərin və müəllimlərin möhkəm divarından tutaraq gəz. Ey insan! Bu gün günahlardan qorxsan, sabah heç bir şeydən qorxmazsan. Bu əsəri necə oxumamaq, sevməmək olar? Hər dəfə oxuduqca aliləşirsən, kamilləşirsən, düşünürsən. Budur Sədi Şirazi dühasının hikməti. Nəzakət Rəhmanova, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Təlim-tədris şöbəsinin müdiri

Oxunub: 1616

Əlavə olunub: 27.04.2020 16:36

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz