Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şəkidə “Ustad dərsləri” layihəsi baş tutub

Cari ilin 17-21 oktyabr tarixlərində Şəki şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə Fəaliyyət Planı”nı əsas tutaraq, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin tar və kamança müəllimləri üçün “Ustad dərsləri” layihəsi həyata keçirilmiş, sahə üzrə müvafiq metodiki dəstək göstərilmişdir.
Ustad dərslər tar ixtisası üzrə Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi Zamin Rzayev və kamança ixtisası üzrə Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov tərəfindən aparılmışdır.
UMİM-lərin tar və kamança müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərində tar ixtisası üzrə tarın tutulma qaydaları, barmaqların simlər üzərində düzgün qoyuluşu, pozisiyanın düzgün seçilməsi, əsərin (muğam və s.) xarakterinə uyğun olaraq mizrabın düzgün seçilməsi, kamança ixtisası üzrə kamanın tutulma qaydası, pozisiyalardan düzgün istifadə, qammaların və etüdlərin daha çox ştrixlərlə çalınması haqqında ətraflı məlumat verilmişdir. Dərslərin sonunda müəllimlər narahat edən məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmış, suallar cavablandırılmış, lazımi tövsiyələr verilmişdir.
Tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov musiqi məktəbləri üçün önəmli olan tar və kamança ixtisaslarını tədris edən müəllimlərə ustad dərslərin keçirilməsini yüksək qiymətləndirib, bu işin təşkilinə verdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə və ustad dərsləri təqdim edən pedaqoqlara təşəkkürünü bildirib.

Oxunub: 348

Əlavə olunub: 23.10.2022 14:38

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz