Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilib.
Dahi bəstəkar, musiqişünas və pedaqoq Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyinə həsr olunan builki festivala Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) də öz töhfəsini verib. Festival çərçivəsində mərkəz tərəfindən “Sənət inciləri” adlı silsilə mühazirə-konsertlər təşkil olunub.
Layihə Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizə bəxş etdiyi əsərləri, şifahi ənənəli nümunələrin nota köçürülməsi və peşəkar musiqinin geniş xalq kütlələri arasında təbliğindəki misilsiz xidmətlərinin gənc nəslin diqqətinə çatdırılması və onların estetik zövqünün formalaşdırılması məqsədilə həyata keçirilib.
Festivalın proqramına uyğun olaraq, mühazirə-konsertlərin birincisi sentyabrın 19-da Azərbaycan Dillər Universitetində təşkil edilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayevanın “Üzeyir Hacıbəylinin yaradıcılığında elmi və pedaqoji fəaliyyət” mövzusunda mühazirəsi dinlənilib.
Layihənin növbəti mühazirə-konserti sentyabrın 22-də Bakı Dövlət Universitetində keçirilib. Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova “Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında rolu” mövzusunda mühazirəsini təqdim edib.
Silsilə mühazirə-konsertlərin sonuncusu isə sentyabrın 24-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunub. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, MEMİM-in şöbə müdiri Cəmilə Mirzəyevanın “Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin tətbiqi” mövzusunda mühazirəsi dinlənilib.
Tədbirlərdə MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov layihə haqqında məlumat verib. Bildirilib ki, Üzeyir Hacıbəyli çoxcəhətli yaradıcılığı, yorulmaz pedaqoji fəaliyyəti və maarifçi görüşləri ilə xalqımızın mədəni və milli şüurunun inkişafında müstəsna rol oynayıb. Mərkəz “Sənət inciləri” layihəsi ilə dahi bəstəkarın zəngin irsinin daha geniş auditoriyaya çatdırılmasına müəyyən qədər töhfə verməyi qarşısına məqsəd qoyub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə gerçəkləşən mühazirə-konsertlərdə Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova), Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (bədii rəhbər: Xalq artisti Yusif Qasımov), Qərbi Kaspi Universitetinin xor kollektivi (bədii rəhbər: Rüfət Xəlilov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin iştirakı ilə maraqlı bədii proqram təqdim olunub. Gənclərin ifasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin (1885-1937) əsərləri və rəqs kompozisiyaları tamaşaçıların könlünü oxşayıb, alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Sənət inciləri” layihəsi Beynəlxalq Muğam Mərkəzi, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Dövlət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Konservatoriyası və Qərbi Kaspi Universitetinin dəstəyi ilə reallaşıb.
Oxunub: 76
Əlavə olunub: 29.09.2025 12:31