Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Sosial təcrid dövründə mədəniyyət müəssisələri

Mənə elə gəlir ki, mədəni həyatda baş verən dəyişikliklər cəmiyyətin daha yetkin olduğunu və təcrid dövründə fəaliyyətin davam etdirilməsi üçün yeni qaynaqlar tapa biləcəyini sübut etdi. Təsəvvür edin ki, bütün bunlar 25 il əvvəl - internetin mövcud olmadığı bir cəmiyyətdə baş verərdi. O zaman mədəniyyət insanlara bu günki qədər əlçatan ola bilərdimi? Böyük ehtimalla yox.

Artıq bir neçə müddətdir ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq paytaxt Bakıda, həmçinin ölkəmizin bütün regionlarında fəaliyyət göstərən müxtəlif profilli mədəniyyət müəssisələri müvəqqəti də olsa bağlanıb. Müəssisələrin qapalı olmasına baxmayaraq, muzeylər, qalereyalar, teatr və kitabxanalar, bir sözlə bütün mədəniyyət müəssisələri sosial təcrid şəraiti ilə əlaqədar olaraq öz fəaliyyətlərini bir qədər fərqli formada davam etdirir. Ziyarətçilər üçün geniş onlayn proqramlar hazırlanır və mədəniyyət müəssisələri bütün yaş qrupları üçün nəzərdə tutulmuş onlayn proqramlar əsasında müxtəlif istiqamətli tədbirlər təşkil edirlər.

Sosial təcridin davam etdiyi bir dövrdə evdən çıxmadan mədəniyyət müəssisələri tərəfindən hazırlanan maraqlı və məlumat yüklü mühazirələri dinləyir, milli və dünya ədəbiyyatından yeni əsərlər haqqında məlumat toplayır, müasir sənətkarların əl işlərini, həmçinin vaxt tapıb gedə bilmədiyimiz tamaşanı izləmə şansı əldə etmiş olur, bəzən də təşkil edilən müxtəlif yönlü ustad dərslərinin tələbəsinə çevrilirik. İstənilən zaman virtual turlara qatılır, sərgilərə baxır, məşhur insanların konsert və müsahibələrini izləyirik.

Rəngarəngliyi ilə seçilən onlayn proqramlar, təşkil edilən layihələr sayəsində bir çox insanların yaradıcılıq bacarığı ortaya çıxdı və ya insanlar özlərini yeni yaradıcılıq sahələrində sınamaq qərarına gəldilər.

Sevindirici haldır ki, mədəniyyət müəssisələri arasında fəallıq müşahidə olunur. Əgər bir neçə müddət əvvəl kimsə desəydi ki, mədəniyyət müəssisələri fəaliyyətlərini distant formada təqdim edəcəklər, heç kəs inanmazdı. Hətta bəzi insanlar bunun mümkünsüz olduğunu iddia edər və qarşı çıxardılar. Amma necə deyərlər, hər işdə bir xeyir var. Yaranan vəziyyət müəssisələrimizə hər bir şəraitdə fəaliyyət göstərməyi, aktuallığını qoruyub saxlamağı, yeni trendlər əsasında çalışmağı öyrətdi.

Sosial təcrid Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin fəaliyyətinə də təsir göstərə bilmədi. Təcriddən öncəki çalışma əzmi, ruh yüksəkliyi, peşə məsuliyyəti, həmçinin yeniliklər gətirməklə ənənələri qorumaq şüarımız sayəsində Mərkəzin fəaliyyəti bir gün belə boş qalmadı. Bütün fəaliyyət istiqamətləri virtual aləmə köçürüldü, hətta "Elektron mədəni konsaltinq xidmətləri" kimi yeni layihələr həyata keçirilməyə başlandı.

"Biz birlikdə güclüyük" və "Evdə qal, evdə yarat" şüarları ilə operativ şəkildə hazırlanan və insanları evdə qalmağa çağıran video müraciətlər, günün aktual mövzularına həsr olunmuş məqalələr, beynəlxalq vebinarlar, metodiki tövsiyələrin video təqdimatları, həmçinin onlayn iclas və müzakirələr, video təlimlər, Mərkəzin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə təşkil edilən canlı yayımlar və digər fəaliyyətlər həyata keçirilir. Bu tədbirlər vasitəsilə Mərkəzlə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasındakı mövcud olan koordinasiya əlaqələri nəinki pozulmur, hətta rəqəmsal platformalarda gənc mədəniyyət işçilərinin iştirakı ilə təşkil olunan canlı görüşlərdə mədəniyyətin yeni paradiqmaları müzakirə olunur.

Koronavirus planlarımızı çox dəyişdirdi, konsertlər və gəzintiləri pozdu, muzey, teatr, sərgiləri bağladı və bizi evdə oturmağa məcbur etdi. Ancaq bu kədərlənmək üçün bir səbəb deyil. Karantin ölkəmizin bütün mədəni həyatında əhəmiyyətli dəyişikliklər etsə də, yeni texnologiyalar karantini pozmadan, bütün qayda və qanunlara riayət edərək asudə vaxtı şaxələndirməyə imkan verir.

Bir sözlə, bu gün fiziki bağlar müvəqqəti pozulsa da, intellektual bağlar daha da güclənir.

Aygün Balabəyova

Mədəniyyət üzrə Elmi-Metodiki və

İxtisasartırma Mərkəzinin sektor müdiri

Oxunub: 596

Əlavə olunub: 05.05.2020 06:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz