Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Aliyə Fətullah bəy qızı Rüstəmbəyova

Aliyə Fətullah bəy qızı Rüstəmbəyova 1907-ci ildə Şuşa şəhərində doğulmuşdur. Atası Fətulla bəy Rüstəmbəyov Salyanın məşhur bəy nəsli olan Rüstəmbəyovlar nəslindən, anası isə Şuşanın məşhur Mehmandarovlar nəslindəndir.
 
Aliyə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutur.
 
Lakin Aliyə Özbəkistanın Çirçik tikintisində çalışanların sağlamlığı üçün çalışmağa könüllü olaraq həkim axtarıldığının görür və Moskvada təhsilini davam etdirmək əvəzinə Özbəkistana tikintidə həkim kimi çalışmağa gedir. 3 il burada çalışdıqdan sonra 1938-ci ildə təcrübəli həkim-terapevt kimi Moskvaya göndərilir.
 
Müharibənin ilk günlərindən Aliyə xanım könüllü olaraq orduya yazılmış, Moskva, sonra Smolensk yaxınlığındakı Bryansk meşələrində tibbi-sanitar batalyonunda xidmət etmişdir. O, 1941-ci ilin dekabrında yaralı döyüşçülərə tibbi yardım edərkən əsir düşmüş, 1942-ci ilin fevralında isə “Deduşka” partizan dəstəsinin köməyilə əsirlikdən qaçmışdır.
 
Martın 23-də döyüşlərdə yaralanan dəstənin komandanı Deduşka ləqəbli Vasili Voronçenko Aliyə Rüstəmbəyovanın müdaxiləsi ilə xilas olmuşdur. 1942-ci ilin iyun ayında o, döyüşlərin birində vəfat etmişdir.
 
“Oktyabr” jurnalının 1972-ci ildə nəşr olunmuş 6-cı sayında o dövrdə Azərbaycan Sovet Sosialist Respublikasının Kommunist partiyasının I katibi olan Heydər Əliyev Aliyə Rüstəmbəyova haqqında demişdir: “Mən Smolensk vilayətində partizan dəstələrindən birində döyüşən şərəfli azərbaycanlı qızı, hərbi həkim Aliyə Rüstəmbəyovanın igidliyini yüksək dərəcədə səciyyəvi hesab edirəm.”
 
Qeyd edək ki, şairə Mirvarid Dilbazi “Partizan Aliyə” poemasını yazmış (1972), heykəltaraş Aslan Rüstəmov Aliyənin büst-portiretini hazırlamışdır (1962). Aliyə Rüstəmbəyova ilə bağlı fotoşəkillər, sənədlər, məktublar, onun mürəkkəbqabısı və gümüş qələmi isə Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunur.

Oxunub: 526

Əlavə olunub: 16.04.2022 20:50

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz