Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: General-mayor Xəlil Məmmədov

Döyüş yoldaşları onu “məğlubedilməz Məmmədov”, “amansız döyüşçü”, “gecə hücumlarının ustası” adlandırıblar. Hətta alman qoşunları kəşfiyyat vasitəsi ilə təmas xəttinin qarşı tərəfində mayor Məmmədovun taborunun olduğunu biləndə keçirəcəkləri hərbi əməliyyatda uğur qazanmaq şansının nə qədər aşağı olacağını da dərk ediblər.
 
Xəlil Məmmədov 1916-cı ildə Şuşada anadan olub. Sənaye texnikomunu bitirdikdən sonra ordu sıralarına çağrılıb. Böyük Vətən Müharibəsi başlananda öncə Qafqaz cəbhəsinə göndərilib. Müharibə illərində Xəlil Məmmədov sıravi tankçılıqdan mayor rütbəsinə, tank taboru komandiri vəzifəsinə qədər yüksəlib.
 
Qısa müddət ərzində döyüş şəraitində hərb sənətinin incəliklərini mənimsəyən qorxmaz azərbaycanlı 1942-ci ilin dekabr ayında göstərdiyi qəhrəmanlığa görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib.
Belə ki, onun komandiri olduğu tabor Krım uğrunda gedən döyüşlərdə alman qoşunlarının geri çəkilməsinə və məğlubiyyətinə nail olub.
 
Bu döyüşlərdə Xəlil Məmmədov yaralansa da, o, qısa müddətli müalicədən sonra yenidən cəbhəyə qayıdıb. Hərbi əməliyyatlardakı uğurlarına görə komandanlığın diqqət mərkəzində olan tabor komandiri bir il keçməmiş ikinci dəfə “Qırmızı ulduz” ordeni ilə təltif olunub.
 
Növbəti dəfə Xəlil Məmmədovun taboru döyüşlərin daha şiddətli keçdiyi Cənub-Qərb cəbhəsinə göndərilib. Komandanlıq taborun qarşısında alman qoşunları tərəfindən mühasirəyə alınmış Zaporojye şəhərinin mühasirə həlqəsinin cənub tərəfdən dağıdılması tapşırığını qoyub.
 
Bu tapşırığın yerinə yetirilməsinin çətinliyini, həmçinin almanların canlı və hərbi texnikasının çoxluq təşkil etdiyini nəzərə alaraq, Xəlil Məmmədov döyüş taktikasını, əməliyyat planını dəyişib. Belə ki, komandir mühasirə həlqəsini yarmaq üçün əvvəlcədən planlaşdırılmış vaxtda və istiqamətdə deyil, Dnepr istiqamətindən gecə yarısı körpüdən keçərək şəhərə daxil olublar.
 
Almanlar üçün gözlənilməz olan bu taktika düşməni çaşdırıb və Xəlil Məmmədov öz taboru ilə şiddətli döyüşlərdən sonra şəhəri xilas ediblər. Sovet qoşunları komandanlığı azərbaycanlı balasının düşünülmüş və məntiqli bu döyüş əməliyyatını yüksək qiymətləndirərək Xəlil Məmmədovu “Aleksandr Nevski” ordeni ilə təltif ediblər.
 
Ukraynanın işğaldan azad edilməsi zamanı ən ağır döyüşlərdə iştirak edən Xəlil Məmmədovun sonrakı döyüş yolu Macarıstan, Yuqoslaviya, Çexoslovakiya, Rumıniyadan keçib. Komandiri olduğu tank taboru ən ağır hərbi əməliyyatlarda, ən çətin döyüşlərdə uğur qazanıb, düşmənin hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsində ən yüksək göstəricilərlə öncüllər sırasında dayanıb.
 
Xəlil Məmmədov Rumıniyanın Tırqu-Frumos şəhərinin işğalçılardan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Taborun dəqiq zərbələri nəticəsində düşmən böyük itkilər verib. Daha sonra Xəlil Məmmədov öz taboru ilə xüsusi əməliyyat keçirərək 3 dəmiryolu eşalonunundan 4 minə yaxın alman əsgəri və zabitini əsir götürüb.
 
Şuşalı qəhrəman bu əməliyyatda da yaralanmasına baxmayaraq döyüşləri davam etdirib. Cəmisi 15 gün ərzində Məmmədovun taboru Rumıniya torpaqlarında düşmənin 4 tankını, 64 topunu, 191 müxtəlif təyinatlı avtomobilini, 108 pulemyotunu, 1375 alman əsgəri və zabitini məhv edib. Bu uğurlu əməliyyat Moskvada, SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahında da müzakirə olunub.
 
Xəlil Məmmədovun taboru Macarıstanda qərarlaşıb növbəti əməliyyatlara hazırlaşanda səhra poçtalyonu ona xüsusi zərf təqdim edib.
 
Zərfin “məxfi” möhürlü olmamasını görən komandir məktubu müavininə yönləndirib. Zərfdə isə SSRİ Ali Sovetinin Xəlil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı fərmanı olub.
Böyük Vətən Müharibəsindən sonra ehtiyatda olan mayor Xəlil Məmmədov partiya orqanlarında çalışıb. O, 1946-cı ildə Bakının Əzizbəyov rayon Partiya Komitəsinin 1-ci katibi olub. Xəlil Məmmədov 1957-ci ildə əvvəlcə daxili işlər nazirinin müavini, daha sonra 1-ci müavin, 1960-cı ildə isə daxili işlər naziri vəzifəsinə təyin edilib, ona general-mayor rütbəsi verilib (qeyd edək ki, o dövrdə Daxili İşlər Nazirliyi İctimai Asayişin Mühafizəsi nazirliyi adlandırılıb).
 
1965-ci ildən Xəlil Məmmədov Nazirlər Sovetinin sovet orqanları şöbəsinə rəhbərlik edib. Şuşa qartalı Xəlil Məmmədov harada işləməsindən asılı olmayaraq, həmişə böyük hörmətə, nüfuza malik olub.
Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Xəlil Məmmədov 21 fevral 1989-cu ildə vəfat edib. Xəlil Məmmədovun adı qədim Şuşa şəhərində küçələrin birinə verilərək əbədiləşdirilib.

Oxunub: 379

Əlavə olunub: 03.04.2022 11:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz