Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Ustad Şəhriyar

Məhəmmədhüseyn Şəhriyar o taylı bu taylı Azərbaycanın XX əsrdə yetirmiş olduğu ən görkəmli şairlərindən biri idi. Müdrik və məğrur təbiətli sənətkar mükəmməl əsərləri ilə hələ sağlığında klassiklər səviyyəsinə yüksəlmiş, anadilli poeziyamıza “Heydərbabaya salam” kimi son dərəcə sənətkarlıq baxımından mükəmməl və təkrarsız əsərlərindən birini töhfə vermişdir.

            Məhəmmədhüseyn Behcət Təbrizi Hacı Mirzəağa Xoşginabi oğlu 1906-cı ildə Təbriz şəhərində vəkil ailəsində anadan olmuşdur. Məhkəmədə vəkillik etməklə ailəsini dolandıran atası şeiri və musiqini çox sevən xeyirxah bir ziyalı olub. “Mənim atam süfrəli bir kişiydi, el əlindən tutmaq onun işiydi” deyərdi ustad Şəhriyar. Anası Kövkəb xanım da Azərbaycan şifahi xalq yaradıcılığından və klassik irsimizdən çox gözəl nümunələr bilən xanım idi. İstedadlı və ziyalı valideyinlər zamanında şairin formalaşmasında böyük rol oynayıblar.

            Ustadın uşaqlıq illəri təbiət qoynunda keçib.1913-cü ildə atası Məhəmmədhüseyni təhsil almaq üçün Təbrizə gətirir və o atasının yanında ərəb ədəbiyyatını, fransız dilini və dini elmləri öyrənməyə başlayır. Şəhriyar təsviri incəsənətin bir növü olan kalliqrafiyanı (gözəl xətt) da gözəl bilirdi. Daha sonra Tehrana gəldiyi ilk günlərdən Ustad Əbulhəsən Səba ilə tanış olur, sazda (setar) ifa etməyi öyrənir. 1920-ci ilin ortalarında istedadlı şair kimi tanınmış Seyid Məhəmmədhüseyn Behcət Təbrizi özünə təxəllüs götürmək üçün Hafizin “Bəxtnamə” kitabını açır və bəxtinə “Şəhriyar” adı düşür. O vaxtdan da Məhəmmədhüseyn Şəhriyar kimi tanınmış və qəbul olunmuşdur.

Şair 1924-cü ildə Tehranda Ali Tibb Universitetinə daxil olur.Tələbəlik illərində Şəhriyar Sürəyya adlı bir qıza aşiq olur. Şəhriyar onu Pəri deyə çağırırdı. Sürəyyanı eyni vaxtda şahın əmisi oğlu Əbdülhüseyn Teymurtaş da sevirdi. Qızın imkanlı qohumları və şahın əmisi oğlu Şəhriyara təziqlər edərək onu 1932-ci ildə universitetin son kursundan Nişapura sürgün etdirirlər. Beləliklə, Şəhriyar ali təhsilini yarımçıq qoyub, bir müddət İranın müxtəlif şəhərlərində o cümlədən də Məşhəddə yerli idarələrdə məmurluq etməyə başlayır. 30-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlir. Sürgündən qayıdandan sonra o, həm də şair məclisi düzəldir. Məclisdə yeni yaradıcılıq nümunələri, yazılmış poemalar, şeirlər oxunub müzakirə olunurdu. Ustad Şəhriyarın həyatı haqqında olan maraqlı faktlara və təbrizlilərin rəvayətlərinə görə, şeir məclislərində Sürəyyanın qohumları şairlərə xidmət göstərən, onlara çay, qəhvə və yemək verən xidmətçiyə Şəhriyarı və onun iki yaxın dostunu qəhvəyə zəhər qatmaqla öldürülmələrini əmr edirlər. Şəhriyarın iki dostu qəhvə ilə zəhərlənib olür. Deyilənlərə görə anası Kövkəb xanıma bu barədə xəbər çatır və o xidmətçinin evinə gedərək, çadrasını açıb, xidmətçinin ayaqlarına atır və ondan xahiş edir ki, Şəhriyarı zəhərləməsin. Xidmətçi Kövkəb xanıma söz verir və sözünə əməl edir.

            Şəhriyarın həyatını araşdırarkən maraqlı faktlarla rastlaşmaq olur. Ustad Tehranda yaşayarkən onun uşaqlıq dostlarından biri 1949-cu ildə ağır xəstələnib yatağa düşür. O, Şəhriyardan xahiş edir ki, dostluğumuz naminə mən ölsəm ailəmdən, uşaqlarımdan muğayət olarsan. Ailə vəziyyətim ağırdır, üç qız övladım var. O, yazdığı vəsiyyətnaməni Şəhriyara verir və xahiş edir ki, ölümündən sonra həyat yoldaşına versin. Şəhriyar dostu deyən kimi edir. Qadın məktubu oxuduqdan sonra Şəhriyara deyir ki, Təbrizdə ibtidai məktəbdə dərs deyən ortancıl qızı Əzizə ilə ailə qursun. Şəhriyar 1953-cü ildə Əzizə xanımla evlənir. Onların iki qızı və bir oğlu dünyaya gəlir. Qızları Şəhrizad və Məryəm ev xanımlarıdır, oğlu Hadi hal-hazırda ustadın ev muzeyində çalışır.

            Şəhriyar və ailəsi uzun illər boyu maddi sıxıntılar içində  yaşamışdır. Ustad şairin tədqiqatçılarından olan şairə Hökumə xanım Billuri öz monoqrafiyasında Şəhriyarın Tehran qəzetlərinin birinə verdiyi müsahibənin mətnini dərc etmişdir. Müsahibədə deyilir: “Mən illərdir ki, yalnız çox vacib olduqda evdən çıxıram. Mənim hər şeyim bu bir otaqda yerləşmişdir. Gördüyünüz kimi, onun bəzəyi ancaq sadəlikdir... Üç uşağımla burada yaşayıram. 22 il bundan əvvəl aldığım paltarı hələ də təzələməmişəm.” Bu sözlər ustadın dilindən çıxan gileylərdir.

            Təbrizdə onun vaxtilə yaşadığı evi indisə ev muzeyini gəzdikcə şairin zamanında söylədiyi sözlərin gerçəkliyi ilə baş-başa qalırsan və anlayırsan ki, həyatının bütün sıxıntıları sanki, ustadın çöhrəsinə çökmüş və dərin iz buraxmışdır.

            Gənclik çağlarından başlayaraq həyatı maddi məhrumiyyətlər içərisində keçən şair xüsusən, sürgün illərində çəkdiyi ağır fiziki və mənəvi əzablar nəticəsində dəfələrlə xəstələnmiş öz evində və xəstəxanalarda müalicə olunmuşdur. Şəhriyar 1988-ci ildə sentyabr ayının 18 də Tehranda “Mehr” xəstəxanasının 513-cü palatasında ağ ciyər iltihabından və ürək çatışmamazlığından vəfat etmişdir. Şəhriyar “Mehr” xəstəxanasında yatarkən onun yanına gələn ölkənin ali dini lideri olan Xomeyni ondan nə istədiyini soruşur. Deyilənlərə görə Şəhriyar xahiş edir ki, Təbrizin, Xoşginabın, Şənginabın və Heydərbabanın ətrafına asfalt salınsın və elektriklə çıraqban edilsin. Bir də öləndən sonra onu Təbrizdə “Şairlər məqbərəsində” dəfn etsinlər. Xamineyi ona söz verir və sözünə də əməl edir. Vəsiyyətinə əsasən şairin cənazəsi Təbrizə gətirilmiş və Suraxabdakı məşhur “Şairlər məqbərəsində” dəfn edilmişdir. Həmin gün bütün Təbrizdə dükan-bazar bağlanmış, şairin dəfn mərasimi ümumxalq matəminə çevrilmişdir. Ustadın yas mərasimi Təbrizdə 1465-ci ildə Qaraqoyunlular dövründə Cahanşah Həqiqi tərəfindən tikilmiş Göy Məsciddə verilmişdir. Cahanşah məscidi Təbrizin gözəl memarlıq abidələrindən biridir. Məscidi el arasında Məscidi Cahan adlandırırlar. Deyilənlərə görə yalnız ustada qapısını açıb məscid. Hal-hazırda Şəhriyarın qəbri üstündə möhtəşəm bir məqbərə tikilmişdir. Burada eyni zamanda İran xalqlarının mədəniyyət tarixini nümayiş etdirən gözəl bir muzey də yaradılmışdır. Məqbərəni seyr edərkən qonaqlar Şəhriyarın öz abidəsi ilə yanaşı Azərbaycan Respublikası hökumətinin Bakıdan hədiyyə göndərdiyi Nizami Gəncəvinin heykəlini də görürlər.

            Şəhriyar doğulub boya-başa çatdığı ölkədə mövcud olan poetik ənənələrə və aldığı təhsilə uyğun olaraq əsərlərinin çoxunu fars dilində yazmışdır. Şair elə bir bədii irs qoyub getmişdir ki, əsrimizin İran ədəbiyyatı tarixi onun yaradıcılığı olmadan natamam görünərdi.

            Ustad klassik şeirin demək olar ki, bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu mükəmməl qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirilmişdir. Şairin lirikası qəzəl dahisi hesab edilən Hafiz Şirazidən sonra keçən 700 il ərzində İranda lirikanın ən yüksək pilləsi hesab edilir. Şəhriyarın dərin fikirlə zəngin olan, incə duyğular tərənnüm edən qəzəlləri, Təbrizdə uşaqdan –böyüyə çoxlarının dilində əzbərdir. İlk məhəbbət oxunun daşa dəyməsi, özünün dediyi kimi onu Şəhriyar etmişdir.

            Şəhriyarın əsərlərində ictimai motivlər geniş yer tutur. Şairin od-alov saçan beytlərində İranda şahlıq rejiminin rəzalətləri göstərilir.

            Ustad yaradıcılığında məsnəvi janrına geniş yer vermişdir. “Elm və Hikmət”, “Kəmalülmülkün ziyarəti” məsnəvilərində o, yaradıcı ziyalıların istedadlı rəssam, şair və alimlərin acınacaqlı taleyindən bəhs etmiş, xalqa baş ucalığı gətirə bilən özü kimi böyük zəka sahiblərinin yaddaqalan canlı obrazlarını yaratmışdır. “Gecənin əfsanəsi”, “Qardaşım oğlu Hüşəngə”, “Eynşteynə müraciət” əsərləri fəlsəfi səciyyə daşıyır. Bu əsərlərində şair təkcə öz elinin obasının , vətəninin və xalqının yox, bütün dünyanın taleyi üçün mənəvi məsuliyyət daşıyan qüdrətli bir sənətkar kimi çıxış edir.

            Şəhriyarın doğma ana dilində yazdığı əsərlər onun yaradıcılığının bizim üçün xüsusilə qiymətli olan tərkib hissələrindən biridir. Şəhriyarın Azərbaycan türkcəsində ilk əsəri “Heydərbabaya salam” poemasıdır. Əsərin 1-ci hissəsinin 1952-53-cü illərdə Tehranda yazıldığı, Təbrizdə tamamlandığı güman olunur. Əsər 1965-ci ildə Türkiyədə və 1966-cı ildə Bakıda nəşr olunmuşdur.

            “Heydərbabaya salam” əsəri ustad şairin yaradıcılığında bir dönüş nöqtəsi oldu. Qeyd edək ki, Heydərbaba Təbriz yaxınlığındakı Xoşginab kəndinin yanında dağ adıdır.

            “Heydərbabaya salam” Azərbaycan poeziyasında ən çox sevilən və əzbərlənən əsərlərdən biri olmaqla öz dövrünün şeirsevərlərinin və sonrakı nəsillərin yaddaşında xüsusi yer almışdır. Poema ilk sətirlərindən sadə insanların danışdığı tərzdə, şirin Təbriz ləhcəsində gedən söhbət təsiri bağışlamaqla Şəhriyar qələminin qeyri-adi hiss-həyəcan yaratmaq gücünü nümayiş etdirir.

            Deyilənlərə görə əsər şairin anası Kövkəb xanımın oğluna “nə yazdığını bilmirəm, mənim başa düşmədiyim dildə yazırsan” sözlərindən sonra yazılmışdır.

            Bir gün anası Şəhriyara deyir : “Oğlum, analar dilsiz uşaqlarını belə, dilindən anlayırlar. Sən şeirlərini hansı dildə yazırsan ki, mən onlardan bir şey anlamıram?”. Doğma anasının bu sözləri şairə təsir edir və sanki yuxudan ayılır. Şair özü etiraf edir ki, “Heydərbabaya salam” əsərini yazana qədər elə bil  ürəyimdə bir tikan ilişib qalmışdı. Nədən yazsam da, necə yazsam da ürəyimdən bu tikan çıxmırdı ki, çıxmırdı.

            Bu poema Şəhriyara böyük şöhrət gətirdi. Əsər eyni zamanda Cənubi Azərbaycanda anadilli ədəbiyyatın xüsusilə şeirin inkişafına geniş yol açdı.

            “Heydərbabaya salam” poeması şairin göz açıb gördüyü doğma ellər, Cənubi Azərbaycan haqqında, milli həyatımız, məişətimiz, haqqında vüsətli bir şairanə ensiklopediyadır. İllər boyu doğma yerlərdən, əziz adamlardan ayrı düşmüş Şəhriyar Heydərbaba mühiti barəsində ürəyinin başında gəzdirdiyi, düşünüb daşındığı mətləbləri bu əsərində yüksək dərəcədə təbii və zərif boyalarla tərənnüm etmişdir. Əsər bilavasitə təbiətin ən böyük, əzəmətli dağı olan Heydərbabaya müraciət şəklində qurulmuşdur. Azərbaycan folklorunda, aşıq ədəbiyyatında, klassik və çağdaş poeziyamızda dağlara müraciətlə deyilmiş və yazılmış yüzlərlə poetik nümunə mövcuddur. Ustad dağa müraciətini belə qiymətləndirir. “Dağ göylərə yaxındır. O, təbiətin şah əsərlərindən biridir. Dağ tarixin əbədi olaraq görən açıq gözüdür. O, vətəndə baş verən hadisələri” seyr edərək öz sinə dəftərinə yazır. Şairin göylərə qalxan nalələrini əks etdirib bütün yer üzünə yayaraq hamının qulağına çatdırmağı təkcə o bacarır. Şairin dağa üz tutaraq söylədiyi dərdi oxuduqca onun illərcə çəkdiyi vətən həsrəti gözümüz qarşısında canlanır.

                                 Heydərbaba, səni vətən bilmişdim,

                                 Vətən deyib, baş götürüb gəlmişdim,

                                 Səni görüb göz yaşımı silmişdim,

                                 Halbuki, lap qəmli qürbət səndəymiş,

                                 Qara zindan, acı şərbət səndəymiş

            Vurğulamaq lazımdır ki, poemada Xoşginabın dağətəyi kəndlərinin təbiəti çox əlvan və zəngin boyalarla təqdim edilmişdir. Təsvirlər o qədər təbii və oynaqdır ki, oxucu özünü ildırımların gurultusunu, sel-suların şaqqıltısını eşidir kimi, təzə-tər çiçəklərin, otların ətrini qoxulamış kimi təsəvvür edir. Azərbaycanın təsərrüfat həyatı, xalqın adət və ənənələri, toyu-yası, ayin və mərasimlər elə incəliklə təqdim olunur ki, onların əsasında cənub ellərində yaşayan soydaşlarımızın gün-güzəranı, etnoqrafik xüsusiyyətləri haqqında çox zəngin bədii məlumat əldə etmək mümkündür. Poemanın mühüm məziyyətlərindən biri xalqın gələcəyinə inam duyğusunun yüksək poetik ifadəsilə bağlıdır.

                                 Heydərbaba, mərd oğullar doğginən,

                                 Namərdlərin burunların ovginən,

                                 Gədiklərdə qurdları tut, boğginən,

                                 Qoy quzular ayın-şayın otlasın....

            Oxucu əsərdə ilin bir-birindən gözəl olan fəsillərini, bu fəsillərin yer üzünə gətirdiyi əlvan lövhələri görür, yamaclarda əkinin-biçinin, bağın-bostanın gözəlliyinə tamaşa edir, burada bir parça çörək üçün əlləşib-vuruşan insanların təkrarsız mənəvi aləminə dalır, elin-obanın toy-bayramında, dərdli-matəmli günlərində qiyabi də olsa iştirak edir.

                                  Səhər tezdən naxırçılar gələrdi,

                                  Qoyun-quzu dam-bacadan mələrdi,

                                  Əmməcanım körpələrin bələrdi,

                                  Təndirlərin qavzanardı tüstüsü,

                                  Çörəklərin gözəl iyi, istisi.

            “Heydərbabaya salam”ın əhəmiyyəti təkcə adət-ənənələri, mərasimləri, təbiət hadisələrini zəngin boyalarla canlandırılmasından ibarət deyil. İkiyə bölünmüş xalqın tarixi taleyi, Azərbaycanın başına gələn böyük faciələr, sarsıdıcı ictimai hadisələr də şairin diqqətindən yayınmamışdır.

                                  Heydərbaba göylər bütün dumandı,

                                  Günlərimiz bir-birindən yamandı.

                                  Bir-birizdən ayrılmayın amandı!

                                  Yaxşılığı əlimizdən alıblar,

                                  Yaxşı bizi yaman günə salıblar.

            Bu misralar artıq bir kəndin, bir obanın dərdləri çərçivəsini aşır və ikiyə parçalanmış Azərbaycanın böyük faciəsini əks etdirir.

            Şəhriyarın türkcə şeirlərinə xas olan kövrəklik, nisgil, səmimilik, dil divan ədəbiyyatı və xalq ədəbiyyatının sintezindən doğan ləngərli axıcılıq onu hər kəsdən fərqləndirir.

            Şairin xalqın məhəbbətini qazanan ilk şeirlər kitabı 1931-ci ildə Tehranda nəşr olunub.

 Şəhriyarın idrak və zövq mənbəyi olan əsərləri o taylı-bu taylı ədəbiyyatımıza nə qədər dəyər verib. Şəhriyarın irsi, o cümlədən də ana dilində yazılmış əsərləri Azərbaycan poeziyasının xalq həyatı ilə qaynayıb qarışmasında, ədəbi dilimizin zənginliyində müstəsna rol oynamışdır.

            Şəhriyar öz poetik yaradıcılığı barədə təvazökarlıq etməmiş, həm şairlik qüdrətini, həm azərbaycanca töhfəsini, həm “Heydərbabaya salam”ın möcüzəsini dəfələrlə yada salmış, tərif etmişdir. Özünü əsrimizin Hafizi və Sahibi adlandırmışdır və şeirində söyləmişdir.

                                  Belə bir dövrdə Hafiz doğulur?

                                  Bir ümid varsa qalıb məncığaza....

                                                                          

            Ustadın hansı şeirini diqqətlə oxuyuruqsa qəlbimizdə aydın oyanışlar yaranır, inam hissimiz qüvvətlənir. “Azərbaycan” şeirində şairin vətən həsrətli nisgili özünün son dərəcə parlaq təsvirini tapmışdır. Şeir sanki o taylı bu taylı Azərbaycanın yaralı qəlbindən qopan ah-nalədir.

                                  Könlüm quşu qanad çalmaz sənsiz biran, Azərbaycan

                                  Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

                                  Şəhriyarın ürəyi də səninkitək yaralıdır,

                                  Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

 “Türkün dilitək  sevgili, istəkli dil olmaz” deyən şair ana dilimizi sonsuz məhəbbətlə sevmiş, dilimizin zənginliklərinə dərindən bələd olmuşdur. Şeirdə belə bir kəlam var : “Şair ola bilməzsən, anan doğmasa şair !”. Bununla o, şair üçün həyat təcrübəsinin və təhsilin məna və əhəmiyyətini azaltmadan demək istəyirik ki, şairlik hər şeydən əvvəl istedadın bəhrəsi, istedad isə Allahın vergisidir.

            Şəhriyarın ana dilli şeirləri arasında Bakıdakı qələm dostlarına yazdığı mənzum məktublar geniş yer tutur. Şairin “El bülbülü”, “Döyünmə söyünmə”, “Qafqazlı qardaşlar ilə görüş”, “Gözüm aydın” və s. əsərlərində Bakı həsrəti, Şimali Azərbaycandakı qardaşları ilə görüşüb onları bağrına basmaq arzusu öz güclü ifadəsini tapmışdır. Şəhriyar uzun illər boyu Şimali Azərbaycan və Bakı həsrəti ilə qovrulsa da, keçmiş Sovetlər İttifaqı ilə keçmiş şahlıq İranı arasındakı sərhədlər, tanınmış xalq xadimləri üçün qoyulmuş qadağaların sərtliyi, maddi çətinliklər ona bu arzusunu gerçəkləşdirməyə imkan verməmişdir. Hətta bir dəfə Bakı səfəri haqqında Şəhriyara vəd verilmiş, vaxtında ünvanına gedib çatmayan dəvətnamə də göndərilmişdir. Lakin çox təəssüflər olsun ki, səfər baş tutmamış, ustadın arzusu gözündə qalmışdır.

            Ustad Şəhriyar Şimali Azərbaycanla görüşə bilməsədə, quzeydə “Heydərbaba” dan təsirlənərək bir çox şairlər zaman zaman böyük Şəhriyara ithaf, təxmis, nəzirə və xatirə şeirləri yazaraq şairə dərin sevgi və ehtiramlarını ifadə ediblər. Beləcə Şəhriyar ikiyə bölünmüş Azərbaycanın birlik, mənəvi bütövlük simvoluna çevrilib.

 Şəhriyar uzun müddət Şimalda Azərbaycanlı silahdaşı – cənub mövzusunda cənublulardan da yanıqlı yazmış, şimalda cənub həsrətini və cənub problemini ədəbiyyat səhifələrində daha ciddi işıqlandırmış- Təbriz həsrətli Süleyman Rüstəm ilə uzun müddət məktublaşmışdır. Ayrılıq dərdini, qovuşmaq həsrətini illərlə qəlbində yaşadan qocaman şairin ən ümdə, lakin reallaşmayan arzusu o taylı qələm dostu, şair Şəhriyarla görüşmək, onunla dərdləşmək idi. “Şair qardaşıma məktub” şeirində Süleyman Rüstəm bu görüşün baş tutmamasından gileylənir, yaxın yolun uzadılmasından şikayət edirsə də, ümidini gələcək nəslə bağlayıb deyirdi:

                                      Beşikdəki qış yuxulu körpələr,

                                      Dodaqları süd qoxulu körpələr,

                                      Babaları dağdan ulu körpələr,

                                      Bizi əvəz edəcəklər, Şəhriyar,

                                      Yolumuzla gedəcəklər, Şəhriyar. 

Azərbaybacının xalq şairi B.Vahabzadənin 1965-ci ildə yazdığı “Şəhriyara” adlı şeirini oxuyaraq düşünürsən, nə qədər ki, könüllərdən ayrılıq qübarı silinməyib, Qarabağ erməni qəsbkarlarının əlindədir və düşməndən qisasımız alınmayıb, Şəhriyara üz tutub şairlə dərdləşən söz ustadlarımız çox olacaq, bu dərdləşmələrlə ilgili araşdırmalar, şairin geniş yaradıcılığının tədqiqatdan kənar qalmış məqamlarının açıqlığa qovuşdurulması prosesi davam edəcək.

            Xalqın, millətin milli siması, koloriti təkcə Şəhriyarın zahiri görünüşündə, libasında, hərəkət və davranışında, əməyində, əməksevərliyində ifadə olunmur. O bütövlükdə gerçəyi anlamaq, duymaq və dərk etmək iqtidarına malik idi. Şair xalqın ruhunu, qan yaddaşını, milli-mənəvi koloriti, tarixi gerçəkliyi incəliklərinə qədər ana dilində ədəbiyyata və poeziyaya gətirmişdir.

            Bu gün biz inamla yaza bilərik ki, Şəhriyarın idrak və zövq mənbəyi olan əsərləri, eləcə də onun dönə-dönə yüksək qiymətləndirdiyi sənət bahadırlarının təkrarsız irsi olmasaydı, dünya nə qədər solğun, insanlar mənən nə qədər yoxsul və miskin görünərdi! Bu ümumbəşəri dəyərlər cərgəsində öz layiqli yerini tutan Şəhriyar irsinin Azərbaycan ədəbiyyatı üçün məna və əhəmiyyəti xüsusilə böyükdür. Şəhriyarın irsi, o cümlədən də xüsusən ana dilində yazılmış əsərləri, Azərbaycan poeziyasının xalq həyatı ilə qaynayıb qarışmasında, şeir dilimizin, ədəbi dilimizin inkişaf etməsində böyük xidmətlər göstərmişdir. Bu gün sərhədlərin açılmasında “Heydərbabaya salam” və “Aman ayrılıq”  hayqıran Şəhriyarın tarixi xidmətləri heç bir diplomatın, silahlı qüvvənin xidmətləri ilə müqayisədə ölçüyəgəlməz dərəcədə böyükdür.

            Oğuz coğrafiyasında türk dilinin böyük şairi olan ustad Şəhriyarın ölümü bütün o taylı bu taylı Azərbaycanı, türk dünyasını dərindən sarsıtmışdı.

            Şəhriyarın dünyasını dəyişmə tarixi 1988-ci il 18 sentyabrdır. 18 Sentyabr İranda (İran Azərbaycanında) “Milli şeir günü” kimi qeyd edilir. Digər tərəfdən 18 sentyabr Azərbaycan Respublikasında “Milli musiqi günü”dür. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin doğum günü ilə əlaqədar olaraq, İki azərbaycanda ilin eyni günündə iki məşhur şəxsimizlə bağlı iki müxtəlif milli gün müxtəlif şəkildə bayram edilir, müxtəlif tədbirlər təşkil edilir. Bu, eyniliyimizin və eyni zamanda mədəni ruhumuzun birgəliyinin daha bir nümayişi deyilmi?

            Böyük şairin vaxtı ilə yaşadığı ev hazırda Şəhriyar sevənlərin coşqu ilə ziyarət etdiyi muzeyə çevrilib. Muzey bir neçə otaqdan ibarətdir. Muzeydə böyük Şəhriyardan yadigar qalan 500 dən çox eksponat nümayiş olunur. Onların arasıda şairin geyindiyi ayaqqabı və paltarları, istifadə etdiyi əl çantası, qələmi, saatı və bir çox əşyaları yer tutur. Şairin şəxsi əşyaları ilə yanaşı muzeydə Azərbaycandan hədiyyə olunmuş ekponatlar da nümayiş olunur. Onların arasında xalq çalğı alətimiz kamança, dahi şair Nizaminin əksi təsvir olunmuş boşqab, 1964-cü ildə Bakıda “Yazıçı” nəşriyyatı tərəfindən nəşr olunmuş “Aman ayrılıq” poeması və şeirlər kitabı və 2013 cü ilin fevral ayının 15 də azərbaycanlı memar Zeynallı Zərnaz tərəfindən hədiyyə olunmuş şairin rəsm tablosudur. Şəhriyarın yaşadığı evin gözəl bağçası olub ki, o şeirlərinin bir çoxunu həyətində ağacın kölgəsində qələmə alıb. Şəhriyar şairliklə yanaşı, həm də xətdat olub və onun əlyazmaları muzeydə qorunub saxlanılır. Muzeyi seyr edərkən insanda başqa bir zövq və nostalji hissləri baş qaldırır. Nəinki muzey, bütövlükdə Təbriz şəhəri bizlər üçün tarixdə olduğu kimi, indi də çox böyük dəyərə və anlama malikdir. Çünki Təbriz bizi bir araya gətirən çoxlu ortaq dəyərlərə malikdir. Bu dəyərlərə milli, dini,mədəni, ədəbi və tarixi meyarlar daxildir. Ədəbi meyarlar içərisində dünya şöhrəti qazanan Ustad Şəhriyar bütöv Azərbaycanın sevimlisi və fəxridir. İranın Şərqi Azərbaycan əyalətində yerləşən Eynalı dağında qaya üzərində Məhəmmədhüseyn Şəhriyarın hündürlüyü 10 metr olan  heykəli  ucaldılmışdır. Təbriz şəhəri Eynalı dağının ətəyində yerləşmişdir və təbrizlilər hər cümə istirahətlərini bu dağın ətəyində keçirirlər. Məhəmmədhüseyn Şəhriyarın Eynalı dağında daşlaşmış büstü öz əzəməti ilə təbrizliləri və Təbrizə gələn qonaqları daima salamlayır.

             

 

Oxunub: 4126

Əlavə olunub: 06.04.2020 08:59

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz