Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən həyata keçirilən “Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş təşkil olunacaq.
Layihənin budəfəki qonağı Xalq artisti, pianoçu, pedaqoq, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova olacaq.
Dekabrın 1-də saat 15:00-da Bilgəh İncəsənət Məktəbində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyilə keçiriləcək görüşdə sənətkar öz yaradıcılıq yolu, peşəkar fəaliyyəti, musiqi sənətinin inkişafı və pedaqoji təcrübəsi barədə fikirlərini bölüşəcək, iştirakçıların suallarını cavablandıracaq.
Qeyd edək ki, “Sənət dialoqu” layihəsinin əsas məqsədi görkəmli sənətkarlarla yaradıcı gənclər arasında birbaşa ünsiyyət və təcrübə mübadiləsi üçün səmərəli platforma yaratmaq, gənc nəslin estetik dünyagörüşünün və peşəkar biliklərinin inkişafına töhfə vermək, onların incəsənətə marağını gücləndirməkdir.
Oxunub: 50
Əlavə olunub: 26.11.2026 08:31