Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Məhz bu mövzuda 16 iyul 2020-ci il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə Bakıda və respublikamızın müxtəlif regionlarında çalışan gənc mədəniyyət işçilərinin iştirakı ilə videokonfrans təşkil olunmuşdur.
Belə ki, Mərkəz növbəti dəfə ölkə gündəmində ön sırada dayanan aktual məsələlər ilə bağlı mövzulara müraciət etmiş olur. Xüsusi olaraq qeyd etməliyik ki, tədbirdə Qarabağ qaziləri və aprel döyüşlərinin qəhrəman zabitləri Əhliyət Mehdiyev, Hikmət Məmmədov, həmçinin, 90-cı illərdə Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində və Goranboy rayonu ətrafinda gedən döyüşlərin iştirakçısı, hüquqşünas, "Uspex" şirkətinin təsisçisi Soslanbek Piliyev (Moskva, Rusiya) iştirak edərək öz təəssüratları ilə bölüşmüş və mövzuya dair maraqlı fikirlər səsləndirmişlər. Hərbçilərin hər sözü iştirakçılara vətən sevgisi, mübarizlik və dəyanət duyğularını yaşadıb.
Eyni zamanda tədbirdə iştirak etmiş 100 nəfər mədəniyyət işçiləri Rövşən Cənnətov, Nəzakət Rəhmanova və digərləri maraqlı diskussiyalara qoşularaq gördükləri işlər və əhali arasında vətənpərvərlik ruhunun dəstəklənməsi məsələsində mədəniyyətin rolundan söhbət açmışdılar.
Mərkəzin elmi katibi Cavid Əliyev əsgərlərimizin şücaətindən, igidliyindən danışaraq, hərbçilərin qəhrəmanlıq və Vətənə sədaqətlilik nümunələri haqqında misalları iştirakçıların diqqətinə çatdırmışdır.
Tədbirin sonunda Mərkəzin direktoru Asif Usubəliyev 12 iyul tarixində Tovuz rayonunda erməni hərbi təxribatları nəticəsində baş vermiş hərbi insident və daha sonra 14-dən 15 iyula keçən gecə Bakı şəhərində xalq, ordu və dövlət vəhdətinin təcəssümü sayıla biləcək möhtəşəm hadisədən, habelə insanların kütləvi şəkildə yığışmasından, öz şəxsi ambisiyaları naminə fürsətçiliklə məşğul olan bir qrup bəlalı müxalifətdən söhbət açmışdır. “Mövcud obyektiv durumda bir vətəndaş olaraq ən üzücü mənzərələrdən biri, məhz bəzi qüvvələrin yaranmış vəziyyətdən “ucuz” faydalanma cəhdlərinin müşahidə etməkdən ibarətdir” deyən A.Usubəliyev, mədəniyyət işçilərini hadisələrə düzgün qiymət verməyə çağırmış və mövcud vəziyyətdə ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışına cavab olaraq dövlətin yanında olmağın vacibliyini vurğulamışdır. Belə ki, hətta pandemiya dövründə qlobal humanitar təşəbbüslərlə çıxış edən Azərbaycan Respublikası Prezidenti və onun ümumbəşəri bəla ilə mübarizədə dünya qüvvələrinin səfərbər olunmasına dair çağırışlar siyasəti ölkəmizin beynəlxalq münasibətlər sisteminin tammənalı subyekti statusunun təsdiqinə xidmət edir.
Tədbirin sonunda xalqı birliyə çağıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərindən ilhamlanaraq, yaşanan hadisələrə qarşı mədəniyyət işçilərinin fəal vətəndaşlıq mövqeyi tutması və təxribatların qınanması niyyəti ilə gənc mədəniyyət işçilərinin rəmzi manifesti səsləndirilmişdir. (manifestin mətni əlavə olunur)
GƏNC MƏDƏNİYYƏT İŞÇİLƏRİNİN MANİFESTİ!
Biz, gənc mədəniyyət işçiləri şəxsi siyasi ambisiyalarının ödənilməsi niyyəti ilə ölkəmizdə təxribat xarakterli aksiyaların səbəbkarlarını şiddətlə qınayır və onların cəmiyyətimizdə ixtilaf yaratmaq məqsədilə atdıqları addımlara qarşı Vətənini sevən hər bir vətəndaşı fəal mövqe tutmağa çağırırıq. Xalq, dövlət, ordunun birliyi, vəhdəti sabitliyin və hüzurlu gələcəyimizin zəmanətidir.
Qüdrətli tarixə sahib olan, müstəqillik ruhu damarında axan, böyük şəxsiyyətləri yetişdirən və dünya mədəni xəzinəsinə öz töhfələrini vermiş Azərbaycan xalqı, emosiyalardan üstün olmaqla arifliyi və fərqi duymaq üçün zəkası ilə hər zaman seçilmişdir.
Xalqımıza məxsus mənəvi dəyərlər, zəngin ənənələr, dərin fəlsəfəyə malik olan adətlər, ümumbəşəri inanclar və doğma Ana Vətənimizə bağlılıq, tarixinin bütün mərhələlərində dövlətimizin yanında olmağımızın və ondan ötrü canımızdan keçməyə hər zaman hazır olmağımızın səbəbidir.
Cəmiyyətimizin mənəvi birliyinin, qəlbimizdəki vətənpərvərlik hisslərinin, habelə xalq olaraq səfərbərliyin və dözümlülüyün əsasını təşkil edən mədəniyyətin qorunması və inkişafına xidmət edən sahənin gənc əməkdaşları olaraq əmin edirik ki, biz bütün varlığımızla xalqın, dövlətin və ordumuzun yanındayıq!
Azərbaycanın hər bir vətəndaşı kimi biz də ölkə Prezidenti, Ali Baş Komandanın “Vətəni işğalçılardan azad et” əmrinin icrasına hər zaman hazırıq!!!
Oxunub: 843
Əlavə olunub: 16.07.2020 06:03