Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunmuş xanəndəlik ixtisası üzrə ustad dərsi Yevlax şəhərində təşkil olunub.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə dekabrın 22-də Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbində keçirilən xanəndəlik ixtisası üzrə ustad dərsində idarənin tabeliyində fəaliyyət göstərən Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab rayon və Mingəçevir şəhər musiqi və incəsənət məktəblərindən şagird və müəllimlər iştirak ediblər.
Xanəndəlik ixtisası üzrə ustad dərsi Beynəlxalq Muğam Mərkəzinin solisti, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi, Əməkdar artist Sevinc Sarıyeva tərəfindən aparılıb.
Tədbirdə iştirak edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsinin məqsədi Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir. Qeyd olunub ki, layihə şagirdlərin musiqi zövqünün zənginləşdirilməsi, onlara peşəkar vərdişlərin aşılanması, eləcə də müəllimlərin nəzəri və praktiki biliklərinin artırılması baxımından əhəmiyyət daşıyır. Ustad dərsində pedaqoq şagirdlərin ifası ilə bağlı tövsiyələrini verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.
Oxunub: 299
Əlavə olunub: 23.12.2025 09:26