Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Zaqatalada “Şuşa ili”ilə bağlı tədbirlər keçirilib

2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərində cari ilin 27-29 aprel tarixlərində müxtəlif məzmunlu maarifləndirici silsilə tədbirlər təşkil edilmişdir.

Gənc mədəniyyət işçiləri üçün motivasiya təlimi ilə başlayan tədbirdə uğurun sirləri və məqsədyönlü fəaliyyətin nəticələrinə dair sahə əməkdaşları ilə fikir mübadiləsi aparılmışdır. Uğur hekayəsini bölüşən təlimçilər əldə olunan nailiyyətlərin davamlı və məqsədyönlü fəaliyyətə bağlı olmasını iştirakçıların diqqətinə çatdırmışdır.

Təlimin ardınca “Mədəniyyət sahəsində liderlik” mövzusunda debat keçirilmişdir. Mövzu ətrafında müzakirələr şəklində keçirilmiş debatlarda gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdığı müəyyən çətinlikləri qeyd etmiş və onların həlli istiqamətində hər bir gənc mədəniyyət işçisinin fərdi qaydada peşəkarlıq keyfiyyətlərinə yiyələnməsinin zəruriliyini bildirmişlər.

Silsilə tədbirlər çərçivəsində Zaqatala Tarix Mədəniyyət qoruğunda gənc mədəniyyət işçiləri arasında “Cıdır düzü” adlı intellektual yarışma səmimi və qeyri-rəsmi mühitdə təşkil olunmuşdur. Yarışmanın məqsədi gənc mədəniyyət işçilərinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalaşdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını, gənclər arasında yoldaşlıq münasibələri və komanda ruhunun formalaşdırılıb inkişaf etdirilməsidir. Bilik yarışmasında Balakən, Qax, Oğuz, Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərindən ibarət 5 komanda iştirak etmiş, yarışmanın qalibi isə Şəki komandası olmuşdur. Qalib komandaya Mərkəz tərəfindən sertifikat və hədiyyələr təqdim edilmişdir.

Tədbirin bədii hissəsində əsrlərdir yaşadılan multikulturalizm ənənələrinə uyğun müxtəlif xalqların rəqsləri, musiqiləri və mahnıları nümayiş olunmuş, yerli rəssamın rəsm əsarlərindən ibarət sərgiyə baxış keçirilmiş və  yerli xalqların dilində səsləndirilən şeirlər dinlənilmişdir. Tədbirin yekununda Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tərlan Nəsibov qalibləri təbrik etmiş, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulamış və bu tipli silsilə tədbirlərin mədəniyyət sahəsinə verə biləcəyi tövhələrin önəmini vurğulamışdırlar.

Mərkəzin cari ilin birinci yarımili üzrə İş planına uyğun olaraq mədəni marşrutların müəyyən edilməsi, həmçinin Zaqatala rayonunun müəyyən yerlərinə baxış keçirilməsi məqsədilə, səfər çərçivəsində Mərkəzin əməkdaşları tərəfindən rayonun müxtəlif kəndlərinə ziyarət təşkil edilmişdir. Səfər zamanı avar dilli Makov, Dardoqqaz, Danaçı, sahur dilli Suvagil, Mamrıx və ingiloy dilli Əliabad kəndlərinə gedilmiş, bir neçə maraqlı məqam müəyyən olunmuşdur. Əldə olunan məlumatlar əsasında yeni iqtisadi yönümlü və regionun inkişafına xidmət edəcək mədəni marşrutların formalaşması məqsədilə müvafiq addımların atılması nəzərdə tutulur.

mənbə: mct.gov.az

 

Oxunub: 394

Əlavə olunub: 29.04.2022 12:23

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz